Rumıniyada kəskin soyuq: 28 bölgə üçün xəbərdarlıq

Dünya

02.02.2026 19:45

Rumıniyada kəskin soyuq və şaxta səbəbilə ölkənin yarıdan çox ərazisində, o cümlədən paytaxt Buxarestdə “Sarı kod” xəbərdarlığı qüvvəyə minib.

TodayPress TV xəbər verir ki, bu barədə "Romania’s National Meteorological Administration" (ANM) məlumat yayıb.

Xəbərdarlıq bazar ertəsi saat 10:00-dan etibarən 28 rayon və Buxarest üçün tətbiq olunub və çərşənbə axşamı səhərinədək davam edəcək.

Məlumata görə, gündüz saatlarında havanın maksimal temperaturu mənfi 9 ilə mənfi 3 dərəcə arasında dəyişəcək, şaxta isə gün ərzində də müşahidə olunacaq. Gecə saatlarında temperaturun mənfi 20-dən mənfi 8 dərəcəyədək enəcəyi gözlənilir.

Həftənin əvvəlində Buxarest və ölkənin cənub bölgələrində güclü qar yağıb, nəticədə bir sıra yollarda hərəkət çətinləşib. Yol xidmətləri təhlükəli şəraitin aradan qaldırılması üçün işləri davam etdirir.

Meteoroloqlar bildiriblər ki, çərşənbə günündən etibarən Atlantik okeanından daxil olacaq daha isti hava kütlələri fonunda hava şəraitinin tədricən yaxşılaşacağı gözlənilir.

Qiymət Mahir

tag: Buxarest ,Rumıniya,Sarı kod,Xəbərdarlıq,Todaypress.tv,