Pezeşkian Azərbaycan dilində danışdı, tənqid olundu
İran Prezidenti Məsud Pezeşkianın oğlu və media müşaviri Yusif Pezeşkianın Təbrizdə keçirilən görüşdə Azərbaycan dilində danışması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
TodayPress TV xəbər verir ki, məlumata görə, Yusif Pezeşkian Şərqi Azərbaycan əyalətinin məsul şəxsləri ilə görüş zamanı Azərbaycan dilində çıxış edib.
O, çıxışında hökumətin fəaliyyətinə yönələn tənqidlərə toxunaraq yalnız tənqid edən şəxslərin deyil, hökumətin fəaliyyətinə töhfə verə biləcək insanların da önə çıxarılmasının vacibliyini bildirib.
Yusif Pezeşkianın Azərbaycan dilində danışması bəzi sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub. Onlar onun media müşaviri vəzifəsinə hansı əsaslarla təyin edildiyini və rəsmi tədbirdə ölkənin rəsmi dilindən fərqli dildən istifadə etməsini sual ediblər.
Digər istifadəçilər isə yerli görüşlərdə bölgə əhalisinin dilindən istifadə edilməsini normal qarşılayaraq Yusif Pezeşkiana yönələn tənqidlərə etiraz ediblər.