Antarktidadan gələn soyuq dalğası Yeni Zelandiyanı vurdu

Antarktidadan gələn soyuq dalğası Yeni Zelandiyanı vurdu
08.08.2026 10:24 Dünya

Antarktidadan gələn soyuq hava kütləsi Yeni Zelandiyada kəskin hava şəraitinə səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, ölkənin bir çox bölgəsində temperatur sıfırın altına düşüb, qar, dolu və güclü şaxta qeydə alınıb.

Cənubi Adanın üç şəhərində çərşənbə səhəri temperatur -9°C-yə qədər enib. Paytaxt Vellinqtonda isə 15 ildən sonra ilk dəfə dəniz səviyyəsinə qar yağıb.

Buz bağlayan yollarda avtomobillərin sürüşməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olub. Polis sakinlərə zərurət olmadıqda yola çıxmamağı tövsiyə edib.

Soyuq hava elektrik enerjisinə tələbatı da kəskin artırıb. Milli elektrik şəbəkəsi operatoru "Transpower" istehlakın rekord həddə çatdığını açıqlayıb və mümkün elektrik kəsintiləri barədə xəbərdarlıq edib.

Meteoroloqlar bəzi bölgələrdə cümə axşamı səhərinin ilin ən soyuq səhəri ola biləcəyini proqnozlaşdırırlar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər