Ağ Ev Con Retklifflə bağlı bu məlumatı TƏKZİB ETDİ
Ağ Ev “Financial Times” qəzetinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda daha fəal rol oynaya biləcəyi barədə yaydığı məlumatı təkzib edib.
TodayPress TV-nin məlumatına görə, Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, “Financial Times” Ağ Evin məqaləyə münasibət bildirməkdən imtina etdiyini iddia etsə də, bu, doğru deyil.
Onun sözlərinə görə, qəzet materialı Ağ Evin cavab üçün müəyyən etdiyi son tarixdən əvvəl yayımlayıb və daha sonra administrasiyanın şərh verməkdən imtina etdiyini bildirib.
Kelli Ağ Evin mövqeyini sərt şəkildə ifadə edərək, məqaləni “saxta və gülünc” adlandırıb. O bildirib ki, yazı anonim və aşağı səviyyəli mənbələrin açıqlamalarına əsaslanır və sözügedən danışıqların baş verdiyinə dair heç bir əsas yoxdur.
Ağ Evin açıqlamasında həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Jared Kuşnerin sülh razılaşması üzərində fəal işləməyə davam etdiyi və prezidentin ABŞ adından danışıqlar aparmaq üçün onlara tam etimad göstərdiyi vurğulanıb.
Kübra Musayeva