Samir Şərifov: Azərbaycan və Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur

Samir Şərifov: Azərbaycan və Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur
30.06.2026 20:09 Tədbirlər

“Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq qarşılıqlı etimad və dövlət başçılarının siyasi iradəsi əsasında uğurla inkişaf edir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Bakıda Belarus Respublikasının Müstəqillik Günü münasibətilə təşkil olunan rəsmi qəbulda çıxışı zamanı deyib.

Samir Şərifov bildirib ki, Azərbaycan ilə Belarus arasında ənənəvi olaraq sıx dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Onun sözlərinə görə, 1993-cü ildə diplomatik münasibətlərin qurulmasından ötən müddətdə ikitərəfli əlaqələr ardıcıl şəkildə inkişaf edərək qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsinə yüksəlib.

Baş nazirin müavini vurğulayıb ki, bu nailiyyətlərin əldə olunmasında qarşılıqlı etimada əsaslanan dialoq, birgə səylər, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun güclü siyasi iradəsi həlledici rol oynayıb:

“Ali səviyyədə keçirilən müntəzəm görüşlər və fəal fikir mübadiləsi iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə yüksək dinamika ilə inkişafını təmin edir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ildə Azərbaycana dövlət səfəri münasibətlərin inkişafında mühüm mərhələ oldu. Səfər zamanı qarşılıqlı faydalı tərəfdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edildi, əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivli istiqamətlər müəyyənləşdirildi. Bu istiqamətlərin praktik məzmunla zənginləşdirilməsi məqsədilə kənd təsərrüfatı, gömrük işi, turizm, kiçik və orta sahibkarlığın inkişafı sahələrini əhatə edən bir sıra mühüm sənədlər imzalandı”.

Samir Şərifov xüsusi olaraq vurğulayıb ki, dövlət səfəri çərçivəsində Prezident Aleksandr Lukaşenko Qarabağa səfər edib, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olub. O xatırladıb ki, Belarus Prezidenti Şuşada çıxışı zamanı Belarusun dövlət qurumları və şirkətlərinin Qarabağın və Şərqi Zəngəzurun bərpasında iştirak edəcəyini bəyan edib:

“Azərbaycan Belarusla dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda bütün sahələr üzrə əməkdaşlığı davam etdirmək əzmindədir. Prezident İlham Əliyev də Azərbaycan və Belarusu zamanın sınağından çıxmış iki etibarlı dost adlandırıb”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər