Moskva səfirliyində Zəfər Gününə həsr olunan rəsmi qəbul keçirildi
Cəmiyyət
08.11.2025 10:01
8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Azərbaycanın Rusiyadakı səfirliyində rəsmi qəbul keçirilib.
TodayPress TV xəbər verir ki, tədbirdə Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, hərbi attaşelər, elm, təhsil, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan icmasının təmsilçiləri və Rusiyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirin açılışında Azərbaycanın Rusiyadakı hərbi attaşesi, polkovnik Kənan Təhməzov çıxış edərək, xalqımızın 30 ildən artıq müddətdə itirilmiş ərazilərin nisgili ilə yaşadığını, amma bu illər ərzində güclü dövlət və güclü ordu qurduğunu vurğulayıb. O, 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərən minlərlə igidlərdən bir neçəsinin adını xatırladıb.
Kənan Təhməzov bildirib ki, Azərbaycan xalqı qalib Ali Baş Komandan, Prezident İlham Əliyevlə fəxr edir və ordunun qazandığı Zəfər hər bir azərbaycanlıya qürur hissi bəxş edir.
Daha sonra Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev çıxış edərək qeyd edib ki, 8 Noyabr Qələbə Günü yalnız Azərbaycan xalqının deyil, onun dost və müttəfiqlərinin də qələbəsi kimi qeyd olunur. Səfir vurğulayıb ki, bu tarixin əsas dərslərindən biri beynəlxalq hüququn yalnız onu həyata keçirməyə qadir olan güclü hərbi qüvvə ilə təmin edildiyi halda effektiv olmasıdır.
R.Mustafayev son beş ildə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işlərinə 12 milyard dollardan çox vəsait ayrıldığını, 2026–2029-cu illər üçün isə əlavə 8 milyard dolların planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, azad edilmiş ərazilərin təxminən 20 faizi mina təmizlənməsindən sonra istifadəyə yararlı vəziyyətə gətirilib. Hazırda bölgələrə qayıdan əhalinin sayı təxminən 60 min nəfərə çatır.
Səfir həmçinin münaqişənin başa çatmasının Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına müsbət təsir göstərdiyini, bunun Bakı–Moskva əlaqələrini də yeni mərhələyə çıxardığını qeyd edib. O, Rusiyanın hərbi əməliyyatların dayandırılmasındakı və sonrakı nizamlanma prosesində konstruktiv rol oynadığını xatırladaraq, bunun 2022-ci ildə müttəfiqlik haqqında Bəyannamənin imzalanmasına gətirib çıxardığını bildirib.
Tədbir çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan tikinti, bərpa və reinteqrasiya işlərinə dair videoçarx nümayiş etdirilib.
Rəsmi hissədən sonra Moskva Gənclər Kamera Orkestri Qara Qarayev, Antonio Vivaldi, Edvard Qriq, Con Uilyams, Yan Sibelius, Mixail İppolitov-İvanov və Eduard Artemyevin əsərlərini səsləndirib. GİTİS tələbələri Darya Kovalenko, Nina Bataşova və Yelizaveta Sokolova “Koroğlu” operasından və Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” operettasından ariyalar ifa ediblər.
Sonda qonaqlar 44 günlük Vətən Müharibəsinə dair fotostendlərlə tanış olublar.
tag: 8 Noyabr – Zəfər Günü, Azərbaycanın Rusiyadakı səfirliyi,Rəsmi qəbul,
