Bakının "qara günlü" yolları - Asfalt niyə çökür?
Son illərdə ölkənin müxtəlif bölgələrində yolların çökməsi və sürüşməsi halları artıq adi hala çevrilib. 8 iyunda da Bakı şəhəri, 28 May metro stansiyası ərazisində yolun bir hissəsində çökmə qeydə alınıb. Bu vəziyyət yalnız sürücülərin həyatını təhlükəyə atmır, həm də nəqliyyat sıxlığına səbəb olur.
Bəs belə hadisələrə səbəb nədir?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan memar Cahid Həsənov deyib ki, yolların müxtəlif hissələrində müşahidə olunan çökmələrin iki əsas səbəbi ola bilər.

Onun sözlərinə görə, ilk səbəb yeraltı bərkidici işlərin lazımi səviyyədə aparılmamasıdır.
"Əgər möhkəmləndirmə işləri düzgün görülmədən üzərinə asfalt örtüyü çəkilərsə, müəyyən müddətdən sonra isti hava, yağış, rütubət və ağırtonnajlı nəqliyyat vasitələrinin təsiri altında həmin hissələrdə çökmələr meydana gələ bilər".
Memar bildirib ki, digər mühüm amil köhnəlmiş kanalizasiya və suötürücü sistemlərlə bağlıdır.
"Böyük şəhərlərdə 50-70 il əvvəl çəkilmiş kommunikasiya xətləri zamanla sıradan çıxa və öz funksiyasını tam yerinə yetirməyə bilər. Biz yağışdan sonra suyun xüsusi texnikalar vasitəsilə qısa müddətdə çəkildiyini görürük. Lakin görünməyən tərəf ondan ibarətdir ki, su yerin alt qatlarına sızaraq torpağın strukturunu zəiflədir və bunun nəticəsi bir neçə həftə və ya ay sonra çökmə şəklində özünü göstərə bilər".
Onun sözlərinə görə, asfaltaltı qatlarda bərkidici işlərin keyfiyyətsiz aparılması və ya suötürücü sistemlərin kifayət qədər effektiv olmaması suyun yerin alt qatlarına nüfuz etməsinə səbəb olur.
"Bu su torpaq qatlarını yuyaraq onların dayanıqlığını azaldır. Nəticədə torpaq öz möhkəmliyini itirir və çökmə baş verir. Problemlərin kökündə əsasən iki amil dayanır. Birincisi, asfaltaltı qatlarda aparılan möhkəmləndirmə işlərinin standartlara uyğun olmamasıdır. İkincisi isə su sızmalarıdır. Məsələn, hər hansı su xəttində və ya drenaj sistemində sızma olduqda su uzun müddət ərzində yeraltı qatları yuyur. Bir neçə ay sonra isə bunun nəticəsi olaraq həmin ərazidə çökmə müşahidə edilir", - deyə Cahid Həsənov fikrini tamamlayıb.
Türkan İsgəndərli