Azərbaycanda klublar milli komandaya oyunçu verə bilmir – Fazil Mustafa

Azərbaycanda klublar milli komandaya oyunçu verə bilmir – Fazil Mustafa
06.07.2026 16:33 Cəmiyyət

“Azərbaycan futbol ölkəsi ola bilər. Bu sahəyə ciddi yanaşılsa, yaxın 10 ildə Azərbaycanı yüksək səviyyəyə çatdırmaq mümkündür”. 

Milli Məclisin deputatı Fazil Mustafa bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun üçün idman infrastrukturu yaradılmalı, idman stimullaşdırılmalı, sahibkarların idmana vəsait yatırmasının yolları tapılmalı, yəni onlar təşviq edilməli, müəyyən imtiyazlar verilməli və bu kimi addımlar atılmalıdır:

“Hər şey uşaq futbolundan başlamalıdır. Əgər bu istiqamətdə düzgün iş qurulsa, məncə, ciddi problem olmaz. Bütün hallarda heç bir ölkə buna birdən-birə nail olmur. Şərtlər normallaşandan sonra niyə də nəticə əldə edilməsin? Azərbaycanlı başqa ölkələrin vətəndaşlarından fiziki cəhətdən geri qalmır. Kifayət qədər idmançımız müxtəlif fərdi idman növlərində uğur qazanır. Yəni bu, tamamilə mümkündür, sadəcə prosesi düzgün tənzimləmək lazımdır.

Məsələn, necə oldu ki, İslandiya bizdən daha zəif vəziyyətdə olan bir ölkə ikən, sadəcə ispan futbol metodologiyasını və məşqçilərini cəlb etməklə, onlara şərait yaratmaqla qısa müddətdə Avropanın orta səviyyəsindən də yuxarı komandalarından birinə çevrildi? Deməli, bu, mümkündür. Onların əhali potensialı bizdən bəlkə də 50 dəfə azdır. Bəs niyə bunu bacardılar? Deməli, doğru yanaşma mövcud olub”.

Deputatın sözlərinə görə, Azərbaycanda da bu məsələ məhz doğru yanaşmadan asılıdır:

“Bu prosesə qısa müddətdə başlamaq olar. Vaxt çox itirildi, çünki futbola müəyyən mənada qeyri-ciddi yanaşıldı, məşqçilərin və oyunçuların seçimində günü yola vermə taktikası izlənildi. Yerli futbolçuların və komandaların öz yetirmələrinin məcburi şəkildə oynadılması istiqamətində də addımlar atılmadı. Bütün bunlar da öz təsirini göstərdi.

Məsələn, bu gün klubların böyük əksəriyyəti milli komandaya oyunçu verə bilmir. Bir "Qarabağ" istisnadır, qalanlarının isə milli komandada çıxış edən futbolçusu yoxdur. Böyük əksəriyyəti legionerlərdən ibarətdir. Belə olan halda futbolu inkişaf etdirmək mümkün deyil. Kabo-Verde məhz bunu bacardığı üçün dünya çempionatında rəqibləri ilə başabaş mübarizə aparan, hətta Argentinanı belə sıradan çıxarmağa qadir oyun nümayiş etdirən komandaya çevrildi”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər