Azərbaycan-Əlcəzair Hökumətlərarası Birgə Komissiyası yaradıldı
Xarici siyasət
15.12.2025 14:34
Azərbaycanla Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiya yaradılacaq.
TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş”in təsdiq edilməsi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş” təsdiq edilib.
Bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əlcəzair Xalq Demokratik Respublikası Hökumətinə bildiriş göndərməlidir.
tag: Prezident,İlham Əliyev,Fərman,İmza,Todaypress.tv,
