Rusiya İrandan əsgər yığır? İllik 20.000 dollara iranlı muzdlular..

Təhlil

15.12.2025 21:03

Rusiya Ukrayna müharibəsi üçün İran vətəndaşlarını muzdluluğa cəlb etməyə çalışır. İran KİV-lərinin yaydığı məlumata görə, Rusiyanın hərbi strukturları adından Tehranda iş elanları yerləşdirilib. Elanlarda ilkin ödəniş olaraq 20 min ABŞ dolları, aylıq maaş kimi isə 2 min ABŞ dolları təklif olunur. Bildirilir ki, təlimlər Rusiyanın Ufa şəhərində keçiriləcək və iştirakçılar üçün dil kursları təşkil olunacaq. Müqavilə imzalandıqdan sonra 1,4–1,7 milyon rubl birdəfəlik ödəniş və aylıq 210 min rubl maaş nəzərdə tutulur.   


Maraqlıdır, Rusiyanın İran vətəndaşlarını müharibəyə cəlb etməyə çalışmasının arxasında  hansı hərbi-siyasi və sosial motivlər dayanır? 


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Sədrəddin Soltan bildirib ki, Rusiya canlı qüvvə çatışmazlığını xaricdən döyüşçü cəlb etməklə doldurur:

"Rusiya–Ukrayna müharibəsində canlı qüvvə çatışmazlığı açıq şəkildə müşahidə olunur.

Məsələn, Rusiya Şimali Koreya, Vyetnam, Laos, eləcə də Latın Amerikası, Afrika və Avropanın müxtəlif ölkələrindən canlı qüvvə cəlb edir.

İranla Rusiya arasında strateji tərəfdaşlığa dair müqavilə yalnız bu il, İsrailin İrana hücumundan sonra imzalandı. Hesab edirəm ki, bu müqavilənin daha əvvəl imzalanmamasının əsas səbəblərindən biri İranın Rusiyaya canlı qüvvə yardımı göstərmək istəməməsi idi.

Hətta Rusiya İsraillə müharibə zamanı İrana hərbi texnika və digər sahələrdə yardım etməməklə sanki İranın bu istiqamətdəki mövqeyinə cavab verdi".

Ekspert qeyd edib ki, sazişdə nə canlı qüvvə, nə də qarşılıqlı müdafiə öhdəliyi var:

"Müharibədən sonra tərəflər arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalansa da, həmin sənəddə canlı qüvvə yardımı məsələsi yer almayıb. Eyni zamanda, Rusiyaya hücumun İrana, yaxud İrana hücumun Rusiyaya hücum kimi qiymətləndirilməsi ilə bağlı qarşılıqlı öhdəlik nəzərdə tutulmur".


Analitik vurğulayıb ki, Rusiya muzdlu döyüşçüləri vətəndaşlıq və maaş qarşılığında cəbhəyə göndərir:

"Müqavilə əsasən hərbi, siyasi, iqtisadi və texniki sahələrdə əməkdaşlığı əhatə edir.

Rusiya müxtəlif ölkələrdə qeyri-rəsmi yollarla Ukraynada müharibə üçün muzdlu əsgərlər toplayır.

Bu prosesi qanuniləşdirmək üçün bir sıra mərhələlər tətbiq olunur. İlk olaraq həmin şəxslərə rus dili elementar səviyyədə öyrədilir. Daha sonra onlara Rusiya vətəndaşlığı verilir və əldə olunan razılaşmaya əsasən aylıq maaş qarşılığında Ukrayna cəbhəsinə göndərilirlər".

Onun sözlərinə görə, Ukrayna cəbhəsində Rusiya üçün ciddi boşluqlar mövcuddur. Bir tərəfdən, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində əhali çatışmazlığı var və həmin ərazilərə həm mülki, həm də hərbi şəxslərin yerləşdirilməsinə ehtiyac yaranır. Digər tərəfdən isə döyüş əməliyyatları və yeni ərazilərin ələ keçirilməsi üçün əlavə döyüşçülərə ehtiyac duyulur.


S.Soltan əlavə edib ki, İranda döyüş təcrübəli peşəkar döyüşçülər var:

"Bu kontekstdə İranda da tərxis olunmuş, peşəkar döyüşçülər mövcuddur. Bunlar Yaxın Şərqdə döyüş təcrübəsi keçmiş şəxslərdir. Sepahın “Qüds” qüvvələrinin hərbçiləri, eləcə də İran yönümlü proksi qüvvələrin silahlıları bu kateqoriyaya daxildir. Məsələn, HƏMAS demək olar ki, tərkisilah olunma istiqamətində zəifləyib, “Həşdi-Şəbi” isə artıq İraqda əvvəlki kimi aktiv fəaliyyət göstərə bilmir və sair".

Analitik hesab edir ki, İraqdan, Suriyadan, Qəzzadan çıxarılmış bu cür qüvvələrin sığınacaq yerlərindən biri də İrandır. Ola bilsin ki, Rusiya bu döyüşçüləri də Ukraynada xidmətə cəlb etmək niyyətindədir.


Politoloq həmçinin qeyd edib ki, bütün bu proseslərin əsasını Rusiya–İran əməkdaşlığının hərbi aspektləri, eləcə də Rusiyada tərəfdən döyüşməyə razı olan insanların ağır sosial vəziyyəti təşkil edir. Eyni zamanda, Rusiyanın sosial yaşayış səviyyəsinin aşağı olması Avropa ilə müqayisədə belə insanlar üçün müəyyən mənada cəlbedici görünür.

"Lakin bütün bunlar onu göstərir ki, Rusiyanın Ukrayna cəbhəsində döyüşmək və mövcud əraziləri saxlamaq üçün ciddi canlı qüvvə çatışmazlığı var. Hətta ehtimal edirəm ki, Rusiya bu çatışmazlığı azaltmaq üçün Hindistanla belə əməkdaşlıq imkanlarını nəzərdən keçirir",-ekspert vurğulayıb.

Jalə Rövşən

TodayPress TV

tag: Ruisya, Ukrayna, İran ,Əsgər,Təhlil, todaypress.tv,