MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin!
Keçmiş MotoGP pilotu, hazırda ekspert və şərhçi kimi fəaliyyət göstərən Nil Hodcson motosportun daha çox tanınması üçün onun təhlükəli və sərt tərəflərinin tamaşaçılara göstərilməsini təklif edib.
TodayPress TV “RacingNews365”ə istinadən xəbər verir ki, Hodcson bu fikirləri motosportun kommersiya hüquqlarının sahibi olan “Liberty Media” ilə bağlı səsləndirib.
Onun sözlərinə görə, MotoGP-nin populyarlaşdırılması üçün ilk növbədə yarışçıların fərdi xüsusiyyətləri ön plana çıxarılmalı, daha sonra isə idmanın təhlükəli tərəfləri nümayiş etdirilməlidir.
“Düşünürəm ki, onlar iki şeyi etməlidirlər. Birincisi, şəxsiyyətləri göstərmək lazımdır. Paddokda çoxlu maraqlı insanlar var. İkincisi isə təhlükəni göstərməkdir”, – deyə Hodcson bildirib.
Ekspert hesab edir ki, MotoGP-yə hələ marağının olub-olmadığına əmin olmayan adi tamaşaçı üçün sürət və təhlükənin nümayiş etdirilməsi cəlbedici ola bilər. O, bunu MMA-dakı yanaşma ilə müqayisə edib.
Hodcson nümunə kimi Moto3 çempionatının lideri Maks Kilesin qəzasını göstərib. Onun sözlərinə görə, pilot təxminən saatda 80 mil sürətlə yüksək tərəfli qəza keçirərək çiyni üzərinə düşüb və ehtimal ki, körpücük sümüyünü sındırıb.
Keçmiş pilot hesab edir ki, belə hallarda idmançının müalicə və bərpa prosesi də tamaşaçılara göstərilməlidir: “Biz onu tibbi mərkəzə qədər izləməliyik, daha sonra əməliyyat prosesini, üç gün sonra məşqlərini, beş gün sonra velotrenajorda çalışmasını və nəhayət, ilk yarış həftəsonunda trasa qayıdışını göstərməliyik. Biz bu insanların həyatına daha yaxından nəzər salmalıyıq”.
Namiq HUN