Dövlət fermerə "gecikmisən" deməməlidir - AÇIQLAMA
Son vaxtlar regionlarda yağıntılı hava şəraitinin hökm sürməsi payızlıq əkin prosesini çətinləşdirir. Fermerlərin sahələrə çıxışı məhdudlaşır, əkin işlərinin vaxtında başa çatdırılması sual altındadır.
Bəs bu gecikmə fermerlər və gələcək məhsuldarlıq üçün nə dərəcədə ciddi risk yaradır? Əkinlər vaxtında aparılmasa, fermerlər hansı problemlərlə üzləşə bilər və dövlət bu vəziyyətdə hansı dəstəyi göstərməlidir?

Sözügedən məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli TodayPress TV-yə bildirib ki, riskin səviyyəsini bütün rayonlar üçün eyni qiymətləndirmək olmaz:
Mütəxəssis qeyd edib ki, torpaq çox yaş olduğu halda texnikanın sahəyə çıxarılması da əlavə problemlər yarada bilər:
“Bu, torpağın strukturunu poza və sıxlaşmaya səbəb ola bilər. Gecikmiş səpin zamanı toxum normasının artırılması müəyyən qədər kompensasiya yaratsa da, problemin bütün təsirlərini aradan qaldırmır. Soyuq və nəm torpaq cücərməni ləngidə, xəstəlik riskini artıra bilər. Buna görə toxumun keyfiyyəti, sort seçimi və səpin dərinliyi də nəzərə alınmalıdır”.
Akif Nəsirlinin sözlərinə görə, gecikmə fermer üçün maliyyə itkisi də yarada bilər:
“Əkinə çəkilən toxum, gübrə, yanacaq və texnika xərcləri qalır, məhsuldarlıq isə aşağı düşə bilər. Bu da hektara düşən maya dəyərini artırır və fermerin maliyyə yükünü ağırlaşdırır”.
Mütəxəssis hesab edir ki, belə vəziyyətdə dövlət bölgələr üzrə torpağın vəziyyətini operativ qiymətləndirməli, fermerlərə uyğun aqronomik tövsiyələr verməli, subsidiya və aqrar sığorta mexanizmlərinin çevik işləməsini təmin etməlidir.
“Əgər gecikmə məcburi xarakter daşıyırsa, dövlətin rolu fermerə "gecikmisən" demək deyil. Gecikmiş səpinin məhsuldarlıq itkisini minimuma endirmək üçün güzəştli kreditlərə çıxışın asanlaşdırılması, toxum və gübrə təminatının genişləndirilməsi kimi tədbirlər nəzərdən keçirilə bilər. Məqsəd fermerin nəzarətindən kənar hava riskinin bütün maliyyə yükünü onun üzərinə qoymamaqdır”.
Jalə Rövşən