Millət vəkili: "Yalnız bu yol Paşinyanı uğura aparacaq"
Təhlil
06.01.2026 10:23
Eçmiədzin Ana Taxtı Paşinyanın və on yepiskopun kilsəyə müdaxiləsinin Erməni Apostol Kilsəsində parçalanma təhlükəsi yaratdığını bildirib. Kilsə məsələləri yalnız mövcud qurumlar və kanonik qaydalar çərçivəsində həll olunmalıdır. Paşinyan dekabrın 8-də “yenilənmə” planını təqdim edib, yanvarın 4-də isə on yepiskopla “yol xəritəsi” sənədini imzalayıb.
Maraqlıdır, Paşinyanın kilsə işlərinə müdaxiləsi Eçmiədzində parçalanmaya səbəb ola bilərmi?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Paşinyanın uğuru kilsənin təsirini zəiflətməkdən keçir:
"Paşinyanın qalibiyyət yolu kilsənin məğlubiyyətindən keçir. Çünki kilsə Ermənistanda hər cür terrorun, radikalizmin və etnik nifrətin mənbəyi kimi çıxış edir. Hazırkı vəziyyətdə kilsənin bu cür fəaliyyətini davam etdirməsi nə Ermənistan daxilində ictimai rəyin formalaşmasına, nə də regionda sülhün bərqərar olmasına imkan verir".
O hesab edir ki, buna görə də kilsə ilə münasibətlərdə mütləq yeni qaydalar və imperativlər müəyyənləşdirilməlidir:
"Yəni kilsə Ermənistan dövlətinə tabe olmalıdır. Halbuki indiyədək Ermənistan dövləti kilsə tərəfindən idarə olunub və kilsəyə tabe vəziyyətdə olub, bu da təkcə Ermənistan daxilində deyil, bütövlükdə regionda qarşıdurma, etnik nifrət və müharibələrə səbəb olub".
Deputat qeyd edib ki, Eçmiədzin Ana Taxtının iddia etdiyi ikonik dəyərlər heç vaxt kilsədə mövcud olmayıb. Ən azından Eçmiədzin kilsəsi kanonik və dini dəyərlərin mərkəzi deyil, əksinə etnik nifrət, zorakılıq, terror və daşnak ideologiyasının mərkəzidir.
"Düşünürəm ki, Ermənistan ictimaiyyəti artıq bu gerçəyi dərk etməyə başlayıb. Kilsəyə həqiqi dini dəyərlər gətirilməli, Eçmiədzin kilsəsi məhz dini icma kimi fəaliyyət göstərməlidir. Dövlət üzərində imperativ mövqe tutan ideoloji diktatura olmamalıdır".
H.Babaoğlu sonda əlavə edib ki, Kilsənin yenidən qurulması sülhə imkan verəcək:
"Ümid edirəm ki, Paşinyanın müəyyənləşdirdiyi yenilənmə və yol xəritəsi əsasında kilsəni yenidən qurmaq cəhdləri uğurla başa çatarsa, bu, Ermənistan daxilində və regionda sülh üçün yeni imkanlar yaradacaq".
Jalə Rövşən
tag: Hikmət Babaoğlu,Deputat,Ermənistan,Paşinyan,Todaypress.tv,
