İran və İsrail arasında sular durulmur...
Təhlil
24.11.2025 14:22
İsrail rəsmiləri və hərbi ekspertlər arasında İranla bağlı açıqlamalarda ziddiyyət yaranıb: xarici işlər naziri Gideon Saar İsrailin hazırda Tehrana hücum etməyi planlaşdırmadığını desə də, keçmiş kəşfiyyat zabitləri İranın hava müdafiəsinin bərpa olunmaması səbəbilə İsrailin istənilən an yeni zərbələr endirə biləcəyini bildirir. Tehran isə raket obyektlərini sürətlə bərpa etsə də, tam müdafiə gücünə malik deyil. Bu fərqli yanaşmalar İsrail–İran qarşıdurmasında situasiyanın hansı səmtə yönəldiyini yenidən gündəmə gətirir.

Maraqlıdır, İsrailin rəsmi siyasi mövqeyi hücumu inkar etdiyi halda, hərbi-kəşfiyyat dairələrinin “İran müdafiəsizdir, İsrail istənilən an zərbə endirə bilər” tezisləri regionda təhlükəsizlik balansını necə dəyişir?
Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Sona Əliyeva bildirib ki, İsrail və İran yeni müharibəyə hazır görünmür:

"Son İsrail–İran qarşıdurması göstərdi ki, İsrail də İran da yeni müharibəyə tam hazır deyil. Üstəlik, bu dəfə mümkün qarşıdurma daha uzunmüddətli ola bilər. Fikrimcə, həm Tehran, həm də Tel-Əviv indi müxtəlif kanallar vasitəsilə diplomatiya qapısını açıq saxlamağa çalışır. Bu meyil hazırkı mərhələdə hər iki tərəf üçün vacib faktordur. Lakin tərəflərin özləri də yaxşı anlayırlar ki, danışıqlar real nəticə verməyəcək".

Onun sözlərinə görə, İranın raket arsenalını artırması mümkün müharibənin risklərini ciddi şəkildə yüksəldir:

"Digər mühüm məqam isə ondan ibarətdir ki, İran bu dəfə daha ciddi müqavimət göstərə bilər. İran rəsmilərinin bildirdiyinə görə, raket zavodları sutkalıq rejimdə işləyir və yeni müharibə başlayacağı halda, İsrailin müdafiə sistemini aşmaq üçün iyun ayında olduğu kimi 12 gün ərzində 500 deyil, 2000 raket atmaq imkanına malik olacaqlar. İsrail də bu potensialın fərqindədir".
Sona Əliyeva sonda vurğulayıb ki, eyni zamanda, İsrailin hazırda daha üstün mövqedə olduğu da unudulmamalıdır. Elə buna görə hər iki tərəf, ən azı indiki mərhələdə, diplomatik kanalları açıq saxlamağa üstünlük verəcək.
Jalə Rövşən
tag: Sona Əliyeva,Analitik,İran,İsrail,Todaypress.tv,
