Fransa hamilədir, amma uşağın adı "İnqilab" olmaya bilər

Fransa hamilədir, amma uşağın adı "İnqilab" olmaya bilər
09.10.2026 12:01 Təhlil

Fransa bu gün klassik mənada inqilab ərəfəsində görünmür, lakin siyasi nəzəriyyənin tələb etdiyi bir sıra şərtlər artıq yetkinləşib. Ölkə dərin siyasi silkələnməyə doğru irəliləyir və bu zəlzələnin episentrinin küçələrdən daha çox seçki qutusu olacağı ehtimal edilir.

Gənclər hərəkatı 2026-cı ilin sentyabr ortalarında Fransanın bir neçə liseyində şagirdlərin təhsil müəssisələrinə girişləri bağlaması ("blocus") ilə start götürdü. Qısa müddətdə ümummilli miqyas alan aksiyalar universitetlərə, ardınca isə qonşu Belçikanın Lyej şəhərinə sıçradı. Oktyabrın 1-də tələbələrin lisey hərəkatına qoşulması gərginliyi daha da artırdı. "Union étudiante" tələbə birliyinin məlumatına görə, 640 lisey ya tamamilə qapadılıb, ya da blokada cəhdi ilə üzləşib. Böhranın kulminasiya nöqtəsi 6 oktyabr aksiyaları oldu. Daxili İşlər Nazirliyi 56 mini Parisdə olmaqla respublika üzrə təxminən 256 min nümayişçinin küçələrə çıxdığını açıqladı; lisey şagirdlərinin USL həmkarlar ittifaqı isə bu rəqəmin 450 min nəfərə çatdığını bəyan etdi. Təhsil Nazirliyinin rəsmi hesabatında ölkədəki 3700 liseydən 564-də tədris prosesinin iflic olduğu qeydə alındı.

Qarşıdurmaların miqyası hüquq-mühafizə orqanlarının statistikalarında da əksini tapıb. Ədliyyə Nazirliyi etirazlar başlayandan bəri 5060 nəfərin saxlanıldığını, onların 87%-nin yetkinlik yaşına çatmayanlar olduğunu bildirdi. Rəsmi göstəricilərə əsasən, 215 şagird və 715 polis əməkdaşı xəsarət alıb. Baş nazir Sebastyan Lekornü 85 müəllim və məktəb personalının xəsarət aldığını vurğulayaraq, bunu son onilliklərin ən yüksək anti-rekordu adlandırdı. Gərginliyin simvolik dönüş nöqtəsi Lans və Tur şəhərlərində qeydə alındı. Lansda 15 yaşlı yeniyetmənin polis qumbarasını əlinə götürməsi nəticəsində əlini, Turda isə başqa bir şagirdin gözünü itirməsi cəmiyyətdə ciddi rezonans doğurdu. Hadisələrin ardınca Fransa tələbə aksiyalarında polisin səs-işıq qumbaralarından istifadəsini dayandırmaq məcburiyyətində qaldı.

Mövcud böhranı düzgün qiymətləndirmək üçün bilmək lazımdır ki, əsas tələb hakimiyyətin devrilməsindən çox dərin  islahatların aparılımasını tələb etmələridir.


Şagird və tələbələr müəllim çatışmazlığından, həddən artıq yüklənmiş dərs proqramlarından, qəzalı sinif otaqlarından və artan istilik problemlərinə tab gətirə bilməyən binalardan şikayət edirlər. Tələbə ittifaqları universitetlərdə əlavə qəbul yerlərinin ayrılmasını, məktəblərin əsaslı təmiri üçün 10 milyard avroluq təcili fondun yaradılmasını, genişmiqyaslı müəllim işə qəbulunu, tələbə yeməklərinin qiymətinin 1 avro ilə məhdudlaşdırılmasını və polis zorakılığına son qoyulmasını tələb edir. Dərs gününün bəzən 10 saata çatması valideynləri də övladlarının yanına çəkib. Hərəkatın ən populyar şüarı Lildə qaldırılan plakatda əks oluub: "Biz BAC (attestat) istəyirik, BAC (cinayətkarlıqla mübarizə polisi) yox!".

Məktəb tavanlarının uçması Fransanın idarəetmə aparatındakı daha böyük struktur çöküşünün göstəricisidir. Rəsmi Paris artıq iki ildir ki, parlament çoxluğunun olmadığı, bir-birini əvəzləyən qısamüddətli hökumətlər və dərin büdcə kəsiri şəraitində fəaliyyət göstərir. 2025-ci ilin sentyabrında təyin olunan Lekornü, Emmanuel Makronun 2017-ci ildən bəri sayca yeddinci baş naziridir. Maliyyə bazarlarındakı gərginlik dövlətin manevr imkanlarını xeyli məhdudlaşdırıb. Büdcə kəsiri ilə bağlı investor narahatlıqları 10 illik dövlət istiqrazlarının gəlirliliyini son 24 ilin ən yüksək həddinə — 5 faizdən yuxarı qaldırıb. Nəticədə 2027-ci il büdcə layihəsi ətrafındakı qızğın müzakirələr fonunda təhsilə əlavə vəsait tapmaq müşkülə çevrilib. Dövlət gənclərə "pul yoxdur" deməyə məcburdur, bazarlar isə xərclərin artırılacağı təqdirdə ölkəni sərt cəzalandıracağı ilə hədələyir.

Məsələnin beynəlxalq konteksti də diqqət çəkir. Paris küçələrindəki "GenZ qalib gələcək" şüarları qlobal tendensiyanın təzahürüdür. 2025-ci ilin payızında Nepalda Z nəslinin etirazları ilə hökumətin süqutu, Madaqaskarda prezidentin istefası və Mərakeşdəki "GenZ 212" dalğası fransız yeniyetmələri üçün kütləvi aksiyaları nəzəri anlayışdan real təzyiq vasitəsinə çevirib.

Fransa tarixində gənclər hərəkatının ən məşhur analoqu 1968-ci ilin may hadisələridir. Sorbonnada alovlanan tələbə qiyamı 10 milyonluq ümumi tətil dalğası ilə birləşmiş, Şarl de Qoll bir müddətlik Almaniyanın Baden-Baden şəhərindəki hərbi komandanlığa sığınmışdı. Lakin prosesin sonu fərqli yekunlaşdı: de Qoll parlamenti buraxdı və növbədənkənar seçkilərdə sağçılar böyük qələbə qazandı. Küçədə alovlanan qığılcım seçki qutusunda dəfn edildi. 1986-cı ildə isə "Devake" qanun layihəsinə qarşı çıxan tələbə Malik Usseininin polis tərəfindən qətlə yetirilməsi hökuməti geri addım atmağa məcbur etdi. Bugünkü vəziyyətdə hər iki modelin izləri görünür: Lansda əlini itirən yeniyetmə artıq 1986-nın simvolunu xatırladır; 1968-dən gələn meyl isə həmkarlar ittifaqlarının qoşulmasıdır. CGT-nin dövlət xidmətləri federasiyası 6–31 oktyabr tarixləri üçün tətil elan edib, "TotalEnergies" işçiləri isə hasilatı dayandırmağa çağırılıb. CGT lideri Sofi Binet liseyliləri qorumaq üçün meydanlarda olacaqlarını vurğulayıb.

Bütün bunlara baxmayaraq, Fransa bu gün "inqilabi vəziyyət"dən çox "inqilabi əhval-ruhiyyə" mərhələsindədir. Siyasi nəzəriyyədə dövlət böhranı, kütləvi səfərbərlik, elitanın parçalanması və alternativ hakimiyyət mərkəzinin olması əsas şərtlər sayılır. Fransada maliyyə təzyiqi, parlament çoxluğunun olmaması və prezidentin səlahiyyət müddətinin sonuna yaxınlaşması fonunda dövlət böhranı mövcuddur; kütləvi səfərbərlik isə qisməndir, çünki yüz minlərlə insan küçədə olsa da, ümumi tətil yoxdur, nəqliyyat və sənaye dayanmayıb. Ən həlledici məqam isə elitanın parçalanmaması və alternativ hakimiyyət mərkəzinin yoxluğudur: ordu, polis, məhkəmə sistemi və iri biznes dövlətin yanındadır, siyasi çatlar isə yalnız 2027 seçkiləri ətrafında dərinləşir. Baş nazir Lekornü parlamentdəki əsas sol qüvvə olan "Boyun Əyməyən Fransa" (LFI) partiyasını 2027 seçkiləri öncəsi "ölkəni şüurlu şəkildə xaosa sürükləməkdə" ittiham edir. LFI lideri Jan-Lük Melanşon isə aksiyalara tam dəstək verməklə yanaşı, nümayişləri dinc çərçivədə saxlamağa çağırır.

Oktyabrın 7-də televiziya ilə xalqa müraciət edən baş nazir Lekornü təhlükəsizlik qüvvələrinə aksiyaları yatırmaq göstərişi verilmədiyini, ayın sonunadək tələbə şikayətlərinə cavab olaraq tədbirlər paketinin açıqlanacağını bildirdi. Təhsil Nazirliyinin şagirdlər üçün başlatdığı ümummilli məsləhətləşmə prosesi 23 oktyabradək açıqdır. Yelisey sarayının strategiyası aydındır: hərəkatı institusional kanala yönəltmək və payız tətillərinə qədər vaxt qazanmaq. Lakin küçə hələlik razı deyil. Nantda 17 yaşlı Kamil AFP-yə "bizə söz yox, əməl lazımdır" deyərək hökumətin vədlərinə inanmadıqlarını dilə gətirir. Maraqlı geosiyasi detal isə Fransa XİN-in etiraz aksiyaları ətrafında "dezinformasiya kampaniyasına" görə İran səfirini idarəyə çağırmasıdır. Daxili böhranı xarici müdaxilə amili ilə izah etmək zəifləyən hökumətlərin klassik refleksi olsa da, prosesin beynəlxalq informasiya müharibəsi fonunda cərəyan etdiyi də aydındır.


Hadisələrin inkişafı üçün üç mümkün ssenari görünür. Ən yüksək ehtimallı birinci ssenari gərginliyin tədricən söndürülməsidir: hökumət oktyabrın sonunda müəllim qəbulu və infrastrukturla bağlı kompromis paketi açıqlayır, payız tətili hərəkatın ritmini qırır və aksiyalar zəifləyir; narazılıq isə yox olmur, yaddaşlara yazılır. İkinci ssenari 1968 modelinə konvergensiyadır: həmkarlar ittifaqları solidarlıqdan ümumi tətilə keçir, "TotalEnergies" müəssisələrinin dayanması yanacaq qıtlığı yaradır, polis zorakılığının yeni bir qurbanı cəmiyyəti ayağa qaldırır ki, bu da hökumətin istefası və ya parlamentin buraxılması ilə nəticələnə bilər. Ən maraqlı və həlledici üçüncü ssenari isə seçki qutusunda "inqilab"dır. Küçə enerjisi birbaşa 2027-ci ilin aprel-may seçkilərinə transfer olunur. Son sorğularda ifrat sağçı Jordan Bardellanın reytinqi 35-36% civarında qərarlaşıb, sol cinahda isə Melanşon səs faizini 12%-dən 16%-ə yüksəldib. Tələbə hərəkatı sol elektoratı səfərbər edir, küçələrdəki xaosdan yorulan kütlələrin sabitlik tələbi isə Bardellanı gücləndirir və mərkəzçi siyasi xətt sıradan çıxır.

Fransa hamilədir, amma uşağın adı mütləq "İnqilab" olmaya bilər. 1968-in dərsi göstərir ki, küçə anarxiyası çox vaxt sərt nizam-intizam vəd edən qüvvənin qələbəsi ilə bitir. 5 mindən çox saxlanılan gənc, ağır yaralanan yeniyetmələr və 24 illik rekorda çatmış istiqraz gəlirliliyi Beşinci Respublikanın idarəetmə mexanizminin tükəndiyini göstərir. Bu yorğunluğun nəticəsi çox güman ki, 2027-nin yazında, Fransanın ənənəvi siyasi elitasının onilliklər boyu qorxduğu seçki zəlzələsində üzə çıxacaq. Prosesin növbəti mərhələsini müəyyən etmək üçün isə CGT-nin ümumi tətil qərarı, hökumətin oktyabr sonundakı təkliflər paketi, toqquşmalarda yeni ağır xəsarətlərin olub-olmaması və maliyyə bazarlarının reaksiyası diqqətlə izlənməlidir.


Siyasi şərhçi Əziz Əlibəyli

TodayPress TV

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər