Türkiyənin Ər-Riyadda atdığı addımının kölgəsi Tehrana düşür?

Türkiyənin Ər-Riyadda atdığı addımının kölgəsi Tehrana düşür?
08.10.2026 23:42 Təhlil

Türkiyə yaxın həftələrdə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent və texnika göndərərək krallıqda hərbi iştirakını artırmağı planlaşdırır. 

Maraqlıdır, belə bir addım Türkiyənin İranla münasibətlərinə necə təsir edər?  

Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev TodayPress TV-yə danışarkən bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin məhdud sayda hərbi qulluqçusunun Səudiyyə Ərəbistanına göndərilməsi yeni yaranan Məkkə sazişinin öhdəliklərindən irəli gələn hərbi iştirak variantıdır. 


O xatırladıb ki, oktyabrın 5-də hər üç ölkənin – Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri, müdafiə nazirləri və başqa rəsmilərin iştirakı ilə Məkkə ittifaqının hərbi-siyasi komitəsinin ilk toplantısı keçirildi. Bu toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidanın da ifadə etdiyi kimi, ittifaqın institusionallaşması, yəni təşkilati strukturlarının yaradılması və bu istiqamətdə ən mühüm addım kimi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yeni ittifaqın daimi katibliyinin fəaliyyətə başlaması, ilk baş katib kimi ehtiyatda olan pakistanlı general-leytenant Nauman Mahmudun bu vəzifəyə təyin olunması ilə bu proses tamamlandı.  

“Həmin toplantıda ən mühüm razılaşmalardan biri o idi ki, həm Pakistan, həm də Türkiyə məhdud tərkibdə də olsa, Səudiyyə Ərəbistanına hərbi qulluqçularını və hərbi texnikasını göndərsin. Bu iştirak hələ o anlama gəlmir ki, Səudiyyə Ərəbistanında göndərilən Türkiyə və Pakistan hərbçiləri husilərə qarşı birbaşa hərbi əməliyyatlarda iştirak edəcək. Bəli, onlar husilər tərəfindən Səudiyyə Ərəbistanına atılacaq raketlərin və dronların dəf edilməsi prosesində iştirak edə, Səudiyyə Ərəbistanının müdafiəsində öz töhfələrini verə bilər, amma birbaşa Yəmən ərazisinə daxil olaraq husilərə qarşı hərbi əməliyyatlarda iştirak ilkin mərhələdə reallaşacaq bir addım olmayacaq”, - deyə politoloq izah edib.  

Ekspertin sözlərinə görə, bu razılaşma Türkiyə-İran münasibətlərində yeni bir gərginliyin əsasını qoydu: 

“Bu günə qədər Türkiyə-İran münasibətləri problemsiz və ya çox dinamik bir inkişafa malik deyildi. İranın digər müsəlman dövlətləri ilə yaşadığı problemlərin bənzəri Türkiyə ilə yaşanırdı. Bundan sonra gərginliyin daha da artması gözlənilir”. 

Aysel Mətləb

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər