Qəbələdə meymunla şəkil çəkdirmək istəyən turistin başına daş düşdü - FOTO
Qəbələdə turist meymunla şəkil çəkdirərkən başından xəsarət alıb.
TodayPress TV xəbər verir ki, hadisə Qəbələ şəhərində yerləşən “Yeddi gözəl” şəlaləsinin yaxınlığında baş verib.
Məlumata görə, Rusiyanın Sankt-Peterburq şəhərindən olan Regina adlı turist meymunla xatirə şəkli çəkdirmək istəyib. Bu zaman ərazidə qəfil daş uçqunu baş verib.
Digər turistlər təhlükəsiz əraziyə çəkilsələr də, Regina daşlardan yayınmağa macal tapmayıb. İri daş parçalarından biri onun başına dəyib.
Yaralı turist dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun baş nahiyəsinə dörd tikiş qoyublar.
Hadisə zamanı turistin şəkil çəkdirdiyi meymunun xəsarət almadığı bildirilib.
Həkimlərin sözlərinə görə, şəlalə ərazisində daş uçqunları mütəmadi baş verir və bu, turistlərin müxtəlif dərəcəli xəsarət almasına səbəb olur.