Motoxuliqanlıq edən 23 nəfər saxlanıldı - VİDEO
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmaların
qarşısının alınması və ictimai asayişin təmin edilməsi məqsədilə növbəti əməliyyat-profilaktik
tədbirlər keçirilib.
TodayPress TV xəbər verir ki,
tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt
aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən
axtarışda olan 5 nəfər saxlanılıb, 15 cinayətin üstü “isti izlər”lə açılıb.
Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32, xırda xuliqanlıq
və xırda talama ilə əlaqədar isə 60 fakt müəyyən edilib.
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən tədbirlər zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən 3 sürücü barəsində
inzibati tədbir görülüb. Gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin
istirahətini pozan 23 motosiklet sürücüsü də inzibati məsuliyyətə cəlb edilib.
Həmçinin Masazır qəsəbəsində avtoxuliqanlıq hərəkətləri törədən “Lada”
markalı avtomobilin sürücüsü K.Qarayev, eləcə də narkotik vasitənin təsiri
altında avtomobil idarə edərək yol-nəqliyyat hadisəsi törədən və hadisə yerindən
qaçmağa cəhd göstərən “Chevrolet” markalı avtomobilin sürücüsü S.Əhmədov
saxlanılıblar.
Məhkəmənin qərarı ilə K.Qarayevin sürücülük hüququ 1 il, S.Əhmədovun isə 2 il müddətinə məhdudlaşdırılıb. Sonuncu barəsində əlavə olaraq inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Bundan başqa, nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz dəyişiklik edən 14, çoxavazlı səs siqnalından istifadə edən 1 sürücü barəsində də inzibati tədbirlər görülüb.