İdeoloji risklər sərhəd tanımır: Gənclərimizi nədən qorumalıyıq?
“Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir”.
TodayPress TV xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu Öndər 1996-cı ildə keçirilən Gənclərin birinci forumunda gənclərin milli ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasının vacibliyini vurğulayıb.
Komitə sədri qeyd edib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışları nəzərə alınmaqla davam etdirilir. Dövlət başçısı Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin əhəmiyyətinə toxunaraq təhsili, biliyi və vətənpərvərliyi gənclərin yad və zərərli təsirlərdən qorunmasının əsas amilləri kimi qeyd edib. Eyni zamanda, milli dəyərlərin, ənənələrin və həyat tərzinin yaşadılmasının vacibliyini vurğulayıb.
Ramin Məmmədovun sözlərinə görə, müasir dövrdə milli-mənəvi tərbiyə yalnız dəyərlərin gənc nəslə ötürülməsi ilə məhdudlaşmır. Bu proses insan kapitalının formalaşdırılması, sosial dayanıqlığın gücləndirilməsi və gələcək vətəndaşların qərarvermə qabiliyyətinin inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
O bildirib ki, gələcəyin Azərbaycan vətəndaşı yalnız öz tarixini bilən deyil, onu dərindən anlayan, tarixi ilə bağlılıq hiss edən, dövlətin əldə etdiyi nailiyyətlərin hansı proseslərin və nəsillərin səyləri nəticəsində qazanıldığını dərk edən şəxs olmalıdır.
Komitə sədri vurğulayıb ki, hər bir gənc malik olduğu imkanların yalnız hüquq və üstünlüklər deyil, həm də gələcək qarşısında öhdəlik olduğunu anlamalıdır. Milli-mənəvi dəyərlər əsasında tərbiyənin əsas nəticəsi öz kimliyini dərk edən, müstəqil düşünən, düzgün seçim edə bilən və dövlətçilik məsuliyyətini anlayan vətəndaşın formalaşması olmalıdır.
Ramin Məmmədov ailənin və təhsilin bu prosesdəki roluna da diqqət çəkib. Bildirib ki, ailə uşaqlara insanlara, cəmiyyətə, Vətənə və özlərinə münasibətin əsaslarını aşılayır, təhsil isə bu prosesi sistemli və məqsədyönlü şəkildə davam etdirir.
Komitə sədri qeyd edib ki, ailə və təhsillə yanaşı, informasiya məkanı da gənclərin dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir. Prezident İlham Əliyevin son çıxışında da vurğulandığı kimi, ideoloji risklər sərhəd tanımır. İnternet, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt ideoloji təsirlərin yayılma imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Onun sözlərinə görə, bu təsirlərə qarşı mübarizədə bilikli və savadlı cəmiyyətin formalaşdırılması mühüm vasitələrdən biridir. İnformasiya əldə etmək imkanlarının genişlənməsi avtomatik olaraq düzgün dünyagörüşünün formalaşması demək deyil. Əksinə, eyni informasiya məkanında müxtəlif ideoloji, dini, mədəni və sosial təsirlərin mövcudluğu seçim imkanlarını artırmaqla yanaşı, yanlış istiqamətlənmə risklərini də yüksəldir.
Qiymət Mahir