Gündüz İsmayılov: Gənclərin milli-mənəvi tərbiyəsi yalnız vətənpərvərliklə məhdudlaşmır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilir.
TodayPress TV xəbər verir ki, tədbir çərçivəsində jurnalistlərə açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin cəmiyyətin aktual məsələlərindən biri olduğunu bildirib.
O qeyd edib ki, milli-mənəvi dəyərlərin təbliği, dini radikalizmlə mübarizə və dini maarifləndirmə istiqamətində mütəmadi olaraq silsilə tədbirlər təşkil edilir və tədbirlər aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Gündüz İsmayılovun sözlərinə görə, indiyədək bu istiqamətdə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər keçirilib. Əvvəlki tədbirlərdə gənclərin dini maarifləndirmə səviyyəsinin yüksəldilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərin əlaqələndirilməsinə diqqət yetirilib:
“Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi yalnız vətənpərvərlik hissinin aşılanması, dilə və dinə münasibətin formalaşdırılması ilə məhdudlaşmır. Bu prosesdə sosial şəbəkələrin imkanlarından istifadə, ailənin və cəmiyyətin rolu da mühüm əhəmiyyət daşıyır”.
Sədr müavini qeyd edib ki, konfransda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində din xadimlərinin və dini icmaların rolu da müzakirə olunacaq.
Qeyd edək ki, tədbirdə Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının yerli strukturlarının nümayəndələri, ölkənin müxtəlif bölgələrindən din xadimləri və dini icma rəhbərləri, eləcə də bu prosesdə fəal iştirak edən ilahiyyatçılar iştirak edirlər.
Qiymət Mahir