Kabineti darmadağın etdi, komandaya ultimatum verdi: Artetanın çempionluq sirri!
“Arsenal”ın baş məşqçisi Mikel Arteta London klubundakı ilk iş günündə karyerasının bitmək təhlükəsi ilə üz-üzə qaldığını etiraf edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Mütəxəssis həmin günü belə xatırlayıb:
“Kabineti darmadağın etdim - kompüterləri, noutbukları, kabelləri yerə səpələdim. Sonra bütün kollektivi toplayıb dedim: “Eşitdiyimə görə, bu təşkilatda işə münasibətiniz elə bu cürdür. Mən bura sizə peşənizdən və həyatınızdan zövq almağa, sevdiyiniz işlə məşğul olmağa və ortaq ehtirasımızı bölüşməyə kömək etmək üçün gəlmişəm. Əgər sizə yardım etməyimi istəyirsinizsə, qayda-qanun yaratmaq və birlikdə çalışmağa hazırlaşmaq üçün iki dəqiqəniz var”. Bunu deyib otaqdan çıxdım”.
İspaniyalı çalışdırıcı bu addımın böyük risk olduğunu bildirib:
“Məşqçilik karyeram elə oradaca bitə bilərdi. Çünki hər şey əvvəlki kimi qalsaydı, artıq işim olmayacaqdı. İki dəqiqə sonra qayıdanda hər yer tərtəmiz idi. Hamı susub gözlərini bərəldərək mənə baxır və dinləməyə hazır idi. Mən isə əlavə etdim: “Bu, hələ başlanğıcdır. Hər gün bu yanaşmaya sadiq qalmalıyıq. Nəyə nail olmaq istəyiriksə, bunu birlikdə etməliyik. Təkbaşına öhdəsindən gələ bilmərəm. Problemimiz daha dərindir, lakin imkanlarımız sonsuzdur””.
Qeyd edək ki, 2019-cu ilin dekabrından London təmsilçisini çalışdıran Arteta 2025/2026-cı illər mövsümündə “Arsenal”a İngiltərə çempionluğunu qazandırıb.
Namiq HUN