“Medalımı əridə də bilərsiniz!” - Denni Milzdən “Mançester Siti” qalmaqalına sərt reaksiya
“Mançester Siti”nin sabiq müdafiəçisi Denni Milz Premyer Liqanın maliyyə qaydalarını pozmaqda ittiham olunan klubun cəzalandırılacağı və futbolçuların medallardan məhrum ediləcəyi təqdirdə bunun oyunçular üçün böyük faciə olmayacağını bildirib.
TodayPress TV xəbər verir ki, “Daily Mail” nəşrinə müsahibə verən keçmiş futbolçu həmin anların xatirəsini heç kimin ala bilməyəcəyini vurğulayıb:
“Futbolçuların və azarkeşlərin yaddaşında qalan o möhtəşəm anları heç kim onların əlindən ala bilməz. İnsanlar artıq bütün mükafatları alıb, çempionluq avtobusunda gəzib, bonuslar və yeni müqavilələr əldə etdikdən sonra onları geriyə dönük cəzalandırmaq çox çətindir. Əgər desəniz ki, “Siti” 2019-cu ildə çempion olmayıb... nə olsun? Biz hər birimiz bilirik ki, “Siti” trebl edib və ardıcıl 4 dəfə titula sahib çıxıb. Tarixi bu şəkildə yenidən yazmaq mümkün deyil.
Sabah evimə gəlib medalı tələb etsəniz, deyərəm: “Xahiş edirəm, götürün”. Medalın özü heç nə ifadə etmir, o, sadəcə xatirənin simvoludur. Medalımı əridə də bilərsiniz, istədiyinizi edin, amma bu o demək deyil ki, mən onu qazanmamışam. Azarkeşlərin önündə kuboku başım üzərinə qaldırdığım o gün mənim xatirəmdir. Oyunçulardan medalları və kubokları almaq heç nəyi dəyişməyəcək”.
Namiq HUN