Bölgədə TƏHLÜKƏLİ vəziyyət: Ox yaydan çıxdı!
Təhlil
02.02.2026 12:27
İsrail tərəfindən aparılan rəsmi qiymətləndirməyə əsasən, İran İslam Respublikası hökuməti Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü tələblərə güzəşt göstərməyəcək. Bu haqda "Ynet" nəşri yazıb.
Maraqlıdır, İran ABŞ-nin tələblərinə güzəşt etməsə, bu vəziyyət beynəlxalq siyasi və regional təhlükəsizlik baxımından hansı nəticələri ortaya çıxara bilər?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, ABŞ İran qarşısında irəli sürdüyü tələblərdən imtina etməyəcək:

"Söhbət, uranın ölkə daxilində zənginləşdirilməsindən imtina edilməsindən, 60 faiz zənginləşdirilmiş təxminən 400 kiloqram uranın təhvil verilməsindən, ballistik raket proqramından imtina edilərək ballistik raketlərin sayının kəskin şəkildə azaldılmasından və proksi qüvvələrə dəstəyin və onların maliyyələşdirilməsinin dayandırılmasından gedir. Bu tələblərin heç birini, böyük ehtimalla, İran qəbul etməyəcək.
“Əgər qəbul etsəydi, vəziyyət bu mərhələyə gəlib çatmazdı. Uzun müddətdir ki, bu məsələlər ətrafında danışıqlar aparılır”.
O vurğulayıb ki, İranın imtinası ABŞ ilə təhlükəli hərbi eskalasiyanı qaçılmaz edir:
"İran tələbləri qəbul etmədiyi təqdirdə, Amerika Birləşmiş Ştatlarının ona aviazərbələr endirməkdən başqa çıxış yolu qalmaya bilər. Cavab olaraq İran sarsıdıcı zərbələr endirəcəyini bəyan edir. Bu, ilk dəfə səsləndirilən açıqlama deyil və İranın müəyyən hərbi potensiala malik olduğu da məlumdur. Lakin Amerikanın bu zərbələrə cavab olaraq daha ağır aviazərbələr endirmək imkanları var və bunu İran rəhbərliyi də yaxşı anlayır".
Ekspert bildirib ki, İranın regiondakı ABŞ bazalarını hədəf alması münaqişəni genişləndirir:
"Ən təhlükəli məqam isə ondan ibarətdir ki, İran təkcə ABŞ-nin Fars körfəzində yerləşdirdiyi aviadaşıyıcı və hərbi gəmilərə deyil, eyni zamanda ətraf ölkələrdə yerləşən hərbi bazalarına da zərbələr endirəcəyini bildirir. Bu isə bölgədə vəziyyəti son dərəcə gərginləşdirə, region ölkələrini müəyyən mənada qarşıdurmaya cəlb edə və bölgə üçün son dərəcə təhlükəli bir vəziyyət yarada bilər".
Analitik qeyd edib ki, nə İran, nə də Tramp geri çəkilə bilir:
"Aydındır ki, nə İran mövqeyindən geri çəkilmək niyyətindədir, nə də Amerika Birləşmiş Ştatlarının geri çəkilmək imkanı var. Trampın nüfuzu artıq xeyli zəifləyib, əhalinin ona olan inamı çox aşağı səviyyəyə, təxminən 37 faizə düşüb. Qarşıdan seçkilər gəlir və Tramp özü də seçkiləri uduzmaq ehtimalının olduğunu anlayır. Bu baxımdan, o, uğurlu əməliyyatlara və siyasi baxımdan effektli addımlara ehtiyac duyur".
A.Səmədov sonda qeyd edib ki, nəticədə itirən bölgə ölkələri olacaq və ilk növbədə, İran ciddi zərər görəcək.
Jalə Rövşən
tag: Abutalıb Səmədov,Politoloq,ABŞ,İran,İsrail,Todaypress.tv,
