“Bir gündə sülh” vədi niyə baş tutmadı? - ŞƏRH
Təhlil
30.01.2026 18:32
“ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin dünyagörüşləri bir-birinə paralellik təşkil edir. Hər iki lider dominant xarakterli mövqedən çıxış etməyə çalışır və hesab edir ki, verdikləri qərarlar və qarşıya qoyduqları hədəflər ən qısa zamanda reallaşa bilər”.
Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, məhz bu yanaşma Putinin Ukrayna savaşına başlayarkən üç gün ərzində Kiyevdə qələbə paradı keçirəcəyini iddia etməsinə səbəb olmuşdu:

“Lakin indiyədək bu baş verməyib. Əksinə, Rusiya Ukrayna savaşından daha az itkilərlə çıxmağın yollarını axtarır. Ən əsası isə Kreml bu məsələdə Rusiyanın qlobal təsir gücündən daha çox məhz ABŞ-nin dəstəyinə ümid bəsləyir”.
Analitik xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp da prezident seçkilərində qalib gəldikdən dərhal sonra Ukrayna savaşını bir gün ərzində nizamlayacağını bəyan etmişdi:

“Ancaq onun prezident səlahiyyətlərinin icrasına başlamasından artıq bir il keçib və Ukrayna savaşı hələ də yekunlaşmayıb. Əksinə, bu münaqişə ətrafında başladılmış sülh prosesi hər ötən gün daha da qəliz xarakter almağa başlayır”.
Elçin Xalidbəyli qeyd edib ki, tərəflərdən mümkün qədər pozitiv mesajlar verilsə də, real vəziyyətin fərqli olduğu açıq şəkildə görünür:

“Rusiyanın diktə etdiyi şərtlər rəsmi Kiyev tərəfindən qəbul olunmayıb. Prezident Volodimir Zelenski açıq şəkildə bəyan edib ki, Ukrayna Donbası və Zaporojye Atom Elektrik Stansiyasını Rusiyaya döyüşsüz verməyəcək”.
Onun sözlərinə görə, Moskvanın əsas tələblərindən biri Zaporojye Atom Elektrik Stansiyasının Rusiyaya verilməsi və ya ən azı ortaq istifadəsi, Donbas bölgəsinin isə tam şəkildə Rusiyanın nəzarətinə keçməsidir:

“Rəsmi Kiyev bu tələbləri qəbul etmir və Prezident Zelenski Donbasın və Zaporojye Atom Elektrik Stansiyasının döyüşsüz verilməyəcəyini açıq şəkildə bəyan edir”.
Politoloq hesab edir ki, Trampın bütün cəhdlərinə baxmayaraq, Ukrayna savaşının bu il ərzində yekunlaşması barədə qəti fikir söyləmək hələ tezdir:
“Müəyyən anlaşmalar və mövqe yaxınlaşmaları mövcud olsa da, indiyədək baş vermiş analoji situasiyalar göstərir ki, proses yenidən gərginləşə və nəzarətdən çıxa bilər”.

Elçin Xalidbəyli əlavə edib ki, Rusiyanın savaş potensialı artıq tükənmək üzrədir və ölkə ciddi iqtisadi problemlərlə üz-üzə qalıb:
“Kreml bunu gizlətməyə çalışsa da, alternativ informasiya qaynaqları Rusiya iqtisadiyyatının böhranlı mərhələdə olduğunu göstərir. Bundan əlavə, canlı qüvvə və hərbi texnika çatışmazlığı da Moskvanın imkanlarını məhdudlaşdırır”.
Qiymət Mahir
tag: Rusiya,Ukrayna,Müharibə,Elçin Xalidbəyli,Todaypress.tv,
