Müəllimlik ixtisasları boş qaldı – Abituriyentlər niyə bu peşədən qaçır?
2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun ilkin müsabiqə nəticələri açıqlandıqdan sonra diqqətçəkən mənzərə ortaya çıxıb. Belə ki, boş qalan plan yerlərinin böyük bir hissəsini məhz pedaqoji ixtisaslar təşkil edib.
Bəs abituriyentlərin pedaqoji sektora marağı niyə azalıb və gənclər müəllimlik əvəzinə hansı peşələrə üstünlük verirlər?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev müəllimlik ixtisaslarında yaranan bu boşluğun həm texniki, həm də psixoloji səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, əsas səbəblərdən biri ixtisas qrupları üzrə abituriyent sıxlığının fərqli olmasıdır:
"Əslində bunun iki əsas amili var. Birinci amil ixtisas qruplarına uyğun olaraq boş qalan yerlərin sayının fərqli olmasıdır. Məsələn, diqqət yetirsək, III ixtisas qrupuna aid olan müəllimlik ixtisasları boş qalan yerlər arasında yoxdur. Niyə? Çünki həmin ixtisaslar tam dolub. III ixtisas qrupunda ixtisasların sayı nisbətən az, abituriyentlərin sayı isə çoxdur. Abituriyent sayının çox olması da istər-istəməz həmin plan yerlərinin dolmasına təsir göstərir. Boş qalan yerlər xüsusilə I, II və IV ixtisas qruplarındadır. Burada həm ixtisasların sayının çox, həm də abituriyentlərin sayının nisbətən az olması həmin ixtisasların müəyyən qədər boş qalmasına gətirib çıxarır".
Ekspert vurğulayıb ki, I qrupda abituriyentlərin böyük əksəriyyəti müəllimlik əvəzinə mühəndislik peşələrinə üstünlük verirlər. Bu düşüncənin kökündə isə həm də sosial şəbəkələrdə aparılan anti-təbliğat dayanır:
"Artıq aşağı bal toplayan abituriyent belə müəllimlik ixtisasını seçmək istəmir. Pedaqoji ixtisasların seçilməməsində müəyyən qədər müəllimlərin özlərinin də təsiri var. Çünki müəllimlər istər-istəməz sosial platformalarda və ya abituriyentlərin hazırlıq dövründə müxtəlif çağırışlar edirlər: “Müəllimlik ixtisaslarını seçməyin”, “MİQ imtahanı çətindir”, “Artıq müəllimlərə dəyər verilmir”. Bu cür fikirlər istər-istəməz abituriyentlərin şüuraltına yeriyir və onları müəllimlik ixtisaslarından yayındıra bilir".
Ramin Nurəliyev Dövlət İmtahan Mərkəzinə (DİM) köklü dəyişikliklə bağlı mühüm təklif də irəli sürüb:
"Müəllimlik və pedaqoji ixtisaslar hər zaman tələbatlı və lazımlı ixtisaslardır. Məsələn, Sinqapurda müəllimlik ixtisaslarını yüksək bal toplayan abituriyentlər seçirlər. Bu, gələcək cəmiyyətin inkişaf etdirilməsində daha savadlı kadrların müəllim kimi yetişdirilməsinə verilən əhəmiyyəti göstərir. Məncə, bizdə də belə olmalıdır. Bu məsələdə Dövlət İmtahan Mərkəzinin pedaqoji ixtisaslarla bağlı ayrıca yanaşma tətbiq etməsi daha doğru olardı. Pedaqoji ixtisaslar ayrıca bir qrupda birləşdirilsə və bütün ixtisas qruplarından olan abituriyentlərin həmin pedaqoji ixtisasları seçmək hüququ olsa, bu, təhsil sistemimiz üçün daha güclü müəllim kadrlarının hazırlanmasına imkan verə bilər".
Qeyd edək ki, kimya müəllimliyi üzrə 76, biologiya müəllimliyi üzrə 57, kimya və biologiya müəllimliyi üzrə 57, fizika müəllimliyi üzrə 31, riyaziyyat müəllimliyi üzrə 32, coğrafiya müəllimliyi üzrə 10, tarix və coğrafiya müəllimliyi üzrə isə 3 yer boş qalıb.
Türkan İsgəndərli