MİDA mənzilləri yenidən satışda: Kimlər ala biləcək?

Sosial

05.11.2025 18:56

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Azərbaycanda aztəminatlı ailələrin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə yeni layihəyə start verib. Agentlik yaxın zamanda yeni sosial yaşayış kompleksinin tikintisinə başlayır.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, MİDA-nın əsas məqsədi sosial mənzillər inşa etməklə müxtəlif sosial qrupların yaşayış şəraitini yaxşılaşdırmaqdır:


"Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan mənzillər ölkədə həssas kateqoriyaya aid, aztəminatlı ailələrin yaşayış vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. Bu modelin analoqu Cənubi Koreyadan götürülüb. İnkişaf etmiş və inkişafda olan bir sıra ölkələrdə də bu cür agentliklər fəaliyyət göstərir. Azərbaycanda da həmin təcrübə tətbiq olunur. Burada əsasən dövlət qulluqçuları, hərbçilər, polis əməkdaşları, müəllimlər və digər dövlət sektorunda çalışan şəxslər imtiyazlardan yararlana bilirlər".

Ekspertin sözlərinə görə, hazırda Bakı şəhərinin Hövsan və Yeni Yasamal ərazilərində iki sosial yaşayış kompleksi inşa olunur. Bu layihələr üçün torpaq sahələri dövlət tərəfindən ayrılıb:

"Sosial mənzillərə müraciət edən vətəndaşlar əvvəlcə “ASAN xidmət” vasitəsilə qeydiyyatdan keçməli, onlayn kabinet yaratmalıdırlar. Mənzillərin sahibləri püşkatma üsulu ilə müəyyən edilir. Böyük şəhərlərdə, xüsusilə Bakı, Sumqayıt və Gəncədə sosial mənzillərə tələbat çox yüksəkdir. MİDA tərəfindən inşa olunan mənzillər tam təmirli şəkildə təqdim olunur və bazar qiymətlərindən təxminən 20–25 faiz daha ucuzdur".

Qeyd edək ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri - Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı həyata keçiriləcək. Bu mərhələdə 627 mənzilin satışı dekabrın 3-ü saat 11:00-da başlayacaq və dekabrın 12-i saat 11:00-dək davam edəcək.

Türkan İsgəndərli

tag: Azərbaycan ,MİDA,Mənzil,Ev,Todaypress.tv,