"Hantavirus"un əsas simptomları hansılardır?

Sosial

05.05.2026 19:15

Yaz və yay aylarının əvvəlində daha çox müşahidə olunan "hantavirus" infeksiyası əhali üçün potensial risk yaradan xəstəliklərdən biri hesab olunur.

TodayPress TV xəbər verir ki, bu virus ilkin mərhələdə qripə bənzər simptomlarla özünü göstərdiyi üçün vaxtında diaqnoz qoyulması çətinləşə bilər.

Bildirilib ki, "hantavirus" infeksiyası zamanı xəstələrdə qəfil hərarət yüksəlməsi, gözlərin qızarması, ümumi halsızlıq, güclü baş ağrısı, üşütmə və əzələ ağrıları müşahidə olunur. Xəstəlik inkişaf etdikcə bədənin yuxarı hissəsində, xüsusilə baş və boyun nahiyəsində qızartı yaranır, bəzi hallarda isə dəridə qamçı izlərini xatırladan qanaxmalar meydana çıxır.

Mütəxəssislərin sözlərinə görə, xəstəliyin ən xarakterik əlamətlərindən biri ilk günlərdə sürətlə inkişaf edən sidik ifrazının kəskin azalmasıdır. Bu vəziyyət çox vaxt böyrəklərin zədələnməsi ilə əlaqəli bel ağrıları ilə müşayiət olunur.

Qeyd olunur ki, hazırda "hantavirus" infeksiyasına qarşı spesifik peyvənd mövcud deyil. Bu səbəbdən xəstələrin müalicəsi əsasən xəstəxana şəraitində aparılır. Xəstəliyin insandan insana asanlıqla keçmədiyi, daha çox yoluxmuş gəmiricilərin sidiyi və ya nəcisi ilə təmas nəticəsində yayıldığı bildirilir.

Beynəlxalq səhiyyə qurumlarının məlumatına görə, hazırda "hantavirus"un genişmiqyaslı yayılması riski yüksək qiymətləndirilmir. Bununla belə, mütəxəssislər ətraf mühitlə təmas zamanı gigiyena qaydalarına riayət etməyi və xüsusilə gəmiricilərlə təmasdan çəkinməyi tövsiyə edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Hantavirus,Xəstəlik,Simptom,İnfeksiya,Todaypress.tv,