Politoloq: “Qərb dəstəyi müharibədə həlledici rol oynayır”
Siyasət
03.04.2026 18:30
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Ukraynada nizamlanmanın ən sürətli yolu ABŞ və NATO ölkələri tərəfindən Kiyevə hərbi və texniki tədarüklərin dayandırılmasıdır.

Bəs ABŞ və NATO həqiqətən də Ukraynaya hərbi dəstəyi dayandırarsa, münaqişə daha qısa müddətdə başa çata bilərmi?
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov TodayPress TV-yə danışarkən bildirib ki, Qərb silahları olmasa, Ukraynanın Rusiya qarşısında dayanması çox çətin olar.

Analitik vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirinin müavini Ukraynaya yardımların kəsilməsi ilə bağlı məsələdə haqlıdır. Belə ki, ABŞ və Avropa dəstəyi dayandırarsa, Rusiyanın Ukrayna ərazilərinə müdaxiləsi daha da asanlaşacaq.
Ekspertin sözlərinə görə, hazırda Ukrayna hərbi sursata olan ehtiyacının 60%-ni özü qarşılasa da, yerdə qalan 40%-i təşkil edən Qərb silahları həlledici rol oynayır. Bura hava hücumundan müdafiə sistemləri, qırıcı təyyarələr, raketlər və mərmilər kimi ən vacib texnikalar daxildir.

Siyasi şərhçi əlavə edib ki, yardımların həcmi günü-gündən azalmaqdadır və bu, cəbhədəki vəziyyətə birbaşa təsir edir:
"Rusiya hər il orta hesabla 5-6 min kvadrat kilometr Ukrayna ərazisini özünə ilhaq edir. Bu ilin ilk üç ayında isə artıq min kvadrat kilometrə yaxın ərazi ələ keçirilib. Baxmayaraq ki, yardımlar hələ tam kəsilməyib, lakin müharibənin ilk illərindəki 82 milyard avroluq dəstək əhəmiyyətli dərəcədə azalıb. Avropa bu il üçün 45 milyard avro yardım nəzərdə tutsa da, hələ ki, bu vəsait göndərilməyib".

A. Səmədov qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlişindən sonra birbaşa yardımlar, demək olar ki, dayanıb və hazırda yalnız silah satışı həyata keçirilir. Avropa ölkələri həmin silahları alıb Ukraynaya ötürsə də, ümumi dəstəyin yarıbayarı azalması müqavimət imkanlarını xeyli zəiflədib.
“Bu cür davam edərsə, Rusiya yaxın bir il ərzində öz məqsədinə nail olacaq və Donbasın hələ ki ələ keçirilməyən 4-5 min kvadrat kilometrlik ərazisini tamamilə nəzarətə götürəcək”, - deyə politoloq fikrini yekunlaşdırıb.
Aysel Mətləb
tag: Abutalıb Səmədov,Politoloq,ABŞ,Ukrayna,Rusiya,Todaypress.tv,
