Qeyri-neft-qaz özəl sektorunda əmək haqqı fondu 3 dəfə artdı

İqtisadiyyat

19.11.2025 12:50

Azərbaycanda son 7 ildə qeyri-neft-qaz özəl sektorda əmək haqqı fondu 3 dəfə artıb.

TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin, o cümlədən vergi daxilolmalarının artımı vergi dərəcələrinin yüksəldilməsi hesabına deyil, şəffaflaşma və keyfiyyətli inzibatçılığın gücləndirilməsi nəticəsində vergitutma bazasının genişlənməsi ilə təmin olunub.

"Nəticədə iqtisadiyyatda, xüsusilə qeyri-neft-qaz sektorunda vergitutma bazası genişlənib, büdcənin gəlir və xərcləri artıb, əhalinin gəlirləri və müəssisələrin sərmayələri isə əhəmiyyətli dərəcədə yüksəlib. 2025-ci ilin proqnozları nəzərə alınmaqla, əhalinin gəlirlərinin əsas mənbəyi olan əmək haqqı fondu qeyri-neft-qaz özəl sektorda 2019–2025-ci illərdə 3 dəfə artıb", - M.Cabbarov vurğulayıb.

TodayPress TV

tag: Əməkhaqqı,Fond,Artım,Açıqlama,Todaypress.tv,