İKT üzrə ekspert: “Milli təhlükəsizlik yalnız hərbi və iqtisadi ölçülərlə məhdudlaşmır”
İKT
04.11.2025 18:37
“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyində səsləndirdiyi fikirlər ölkənin rəqəmsal gələcəyi və kibermüdafiə siyasətinin strateji istiqamətlərini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının kibertəhlükəsizliyi ölkənin fiziki təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirməsi göstərir ki, informasiya müharibələri dövründə milli təhlükəsizlik anlayışı artıq yalnız hərbi və iqtisadi ölçülərlə məhdudlaşmır”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, İKT üzrə ekspert Elvin Abbasov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Mütəxəssis vurğulayıb ki, Prezidentin mesajı göstərir ki, kiberhücumlar strateji təhdid sayılır və onlara cavab məsuliyyəti gücləndirilməlidir:
“Kiberhücumların dövlət infrastrukturlarına, maliyyə sistemlərinə və informasiya məkanına yönəldilməsi, real zərbə effekti yaratma potensialı bu sahəyə kompleks yanaşmanı tələb edir. Prezidentin “kiberhücum təşkil edənlər cəzasız qalmamalıdır” fikri həm də hüquqi və beynəlxalq əməkdaşlıq səviyyəsində məsuliyyətin gücləndirilməsinə çağırış kimi qiymətləndirilə bilər”.
Onun sözlərinə görə, süni intellektin prioritetləşməsi Azərbaycanın elmi-texnoloji inkişafda yeni mərhələyə keçdiyini göstərir:
“Süni intellektin gələcək inkişafın əsas istiqamətlərindən biri kimi önə çəkilməsi isə Azərbaycanın elmi və texnoloji potensialının yeni mərhələyə keçidi baxımından mühüm siqnaldır. Dövlət başçısının alimlərin bu prosesdə fəal iştirakını vacib sayması milli innovasiya ekosisteminin formalaşmasında elmi institutların və tədqiqat mərkəzlərinin daha aktiv rol oynamalı olduğunu göstərir. Bu, həm də yerli elmi araşdırmaların süni intellekt, kvant hesablama, böyük verilənlər və kibertəhlükəsizlik kimi sahələrə yönəldilməsini stimullaşdıracaq”.
Jalə Rövşən
tag: İKT ,Elvin Abbasov,Prezident,Mesaj,Todaypress.tv,
