Trampdan Qətər əmirinə zəng - Nələr müzakirə olundu?
Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Vaşinqtonla Tehran arasında gərginliyin azaldılması səylərini müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə ərəb dövlətinin başçısının ofisi məlumat yayıb.
Söhbət zamanı tərəflər son regional hadisələri, xüsusən də ABŞ və İran arasında deeskalasiya və onların mövqelərinin yaxınlaşdırılması istiqamətindəki addımları nəzərdən keçiriblər.
Məlumata görə, Tramp regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün diplomatik səylərin dəstəklənməsində və tərəflər arasında dialoqun asanlaşdırılmasında Dohanın rolunu yüksək qiymətləndirib.
Öz növbəsində Qətər əmiri dialoqun davam etdirilməsinin vacibliyini və bütün tərəflərin ABŞ-İran anlaşma memorandumunun icrasına sadiqliyinin zəruriliyini vurğulayıb. Qətər lideri gərginliyin qarşısının alınmasına yönəlmiş beynəlxalq təşəbbüslərin dəstəklənməsinin vacibliyinə də diqqət çəkib.
Aysel Mətləb