Türkiyə futbolunda sensasiya: “Turqutluspor”da Zeynep Mestan dövrü başladı
Türkiyənin “Turqutluspor” klubunda tarixi təyinat gerçəkləşib. Şəhər təmsilçisinin kişilərdən ibarət komandasının baş məşqçisi vəzifəsinə 22 yaşlı Zeynep Mestan gətirilib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubun bəyanatında bildirilir:
“Klubumuzun yeni formalaşmasına və texniki strukturuna rəhbərlik edəcək Zeynep Mestana qırmızı-qara gerb altında uğurlar arzulayırıq”.
Mestan “Turqutluspor”un tarixində bu vəzifəyə gətirilən ilk qadın mütəxəssis olub. Klub prezidenti Yılmaz Gençtürk bildirib ki, Zeynep Mestan təqdim etdiyi layihə araşdırıldıqdan və məşqçilər korpusu ilə məsləhətləşmələrdən sonra bu posta seçilib. Təqdimat mərasimində gənc məşqçi dabanlı ayaqqabıda top saxlayaraq diqqət çəkib.
Zeynep Mestan 30 iyul 2004-cü ildə İzmirdə anadan olub. Futbolçu karyerasına 2019-cu ildə başlayan Mestan “Karşıyaka”, “Belediyespor”, “Bornova Hitab Spor” kimi komandalarda çıxış edib. O, idman fakültəsinə daxil olmaq və məşqçilik karyerasına fokuslanmaq məqsədilə futbolçu karyerasını tez başa vurub.
Gənc mütəxəssis Avropada Pep Qvardiolanı, Türkiyədə isə Sergen Yalçını özünə nümünə gördüyünü bildirib. O, uzunmüddətli hədəfinin hazırda həvəskar liqada çıxış edən “Turqutluspor”u 5 il ərzində Türkiyə 1-ci liqasına çıxarmaq olduğunu qeyd edib.
Namiq HUN