NBA tarixində analoqu olmayan cəza: Stiv Ballmer gəri çəkildi

NBA tarixində analoqu olmayan cəza: Stiv Ballmer gəri çəkildi
14.09.2026 08:56 İdman

“Klippers” klubunun sahibi Stiv Ballmer komandanın əmək haqqı limitini dolanması səbəbilə NBA tərəfindən tətbiq edilən sanksiyalara qarşı hüquqi müstəvidə mübarizə aparmamaq və onları qəbul etmək qərarına gəlib.

TodayPress TV xəbər verir ki, klub sahibinin bununla bağlı rəsmi bəyanatını ESPN insayderi Şems Çaraniya sosial şəbəkə hesabında paylaşıb:

“Bu, “Klippers”lə bağlı hər bir kəs üçün son dərəcə çətin bir dövr oldu və yaşananlara görə səmimi qəlbdən təəssüf edirəm. Yaranmış gərginliyə və diqqətin başqa tərəfə yönəlməsinə görə azarkeşlərimizdən, əməkdaşlarımızdan və NBA-in digər klub sahiblərindən üzr istəyirəm. Komandanın əsas sahibi kimi məsuliyyəti üzərimə götürürəm.

Biz bu səhifəni geridə qoymaq niyyətindəyik. Liqanın tətbiq etdiyi sanksiyaları qəbul etdiyimizi NBA-ə bildirdik, cəriməni ödədik və artıq irəliyə doğru addımlayırıq. Hesabatdakı nəticələrlə hələ də razılaşmadığımız məqamlar var, lakin diqqəti buna yönəltmək istəmirəm. Klub sahibləri liqanı yayındırmaq əvəzinə, ona dəstək olmalıdırlar. 

Qarşıda bizi ciddi sınaqlar gözləyir, lakin əzmimiz də bir o qədər böyükdür. Komandanı qurmağa və cəmiyyətimizin inkişafına sərmayə qoymağa davam edəcəyik. Azarkeşlərin etimadı bizim üçün əsas prioritetdir. İstedadlı heyətimiz, güclü mütəxəssislərimiz və aydın hədəflərimiz var. Əminəm ki, ən yüksək səviyyədə mübarizə aparacaq və azarkeşlərimizin fəxr edəcəyi bir təşkilata çevriləcəyik”.

Qeyd edək ki, “Klippers”ə kəsilən 30 milyon dollarlıq cərimə NBA tarixində tək bir kluba tətbiq olunan ən böyük maliyyə sanksiyasıdır. 

Əvvəlki rekord 2000-ci ildə “Minnesota Timbervulvz”a verilmişdi - həmin vaxt klub hücumçu Co Smitlə gizli müqavilə bağladığı üçün 3,5 milyon dollar cərimələnmişdi. Beləliklə, Kaliforniya təmsilçisinin cəzası tarixi maksimumu təxminən 10 dəfə üstələyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər