Millimiz “Böyük Dəbilqə”də üç medal qazandı
Azərbaycan cüdo millisi Macarıstanda keçirilən “Böyük Dəbilqə” turnirini üç medalla başa vurub.
TodayPress TV xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov üçüncü yer uğrunda görüşdə ukraynalı Yakiv Xammoya ipponla qalib gələrək bürünc medal qazanıb.
C.Qamzatxanov yarışa serbiyalı İqor Vraçar üzərində qələbə ilə başlayıb. Daha sonra Əlcəzair təmsilçisi Mohamed Lilini məğlub edən cüdoçumuz 1/4 finalda Almaniya təmsilçisi Losseni Koneyə uduzub.
O, təsəlliverici mərhələdə Ukraynadan Yevgeni Balevskini məğlub edərək bürünc medal uğrunda görüşə çıxmaq hüququ qazanıb.
Beləliklə, Azərbaycan millisi turniri üç medalla başa vurub. Daha əvvəl Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində qızıl, Vüsal Qalandarzadə isə 81 kq-da bürünc medal əldə edib.