Mayk Dindən inanılmaz hakimlik etirafı: Premyer Liqada belə dəcəllik olub!
İngiltərə Premyer Liqasının keçmiş referisi Mayk Din karyerası zamanı oyunlarda bəzən bilərəkdən maraqlı və qeyri-adi sınaqlar etdiyini etiraf edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə Ceymi Vardinin “Having a Party” podkastında danışıb.
Təcrübəli keçmiş hakim matçlar ərzində mümkün qədər uzun müddət fit çalmamağa və ya mərkəz dairəsini tərk etmədən oyunu idarə etməyə çalışdığını bildirib:
“Biz zarafat olsun deyə belə oyunlar keçirirdik. Öz aramızda deyirdik: “Gəl görək fit çalmadan nə qədər dözə biləcəyik”. Mən bunu Premyer Liqada bir neçə dəfə etmişəm. Elə vaxt olub ki, 20-25 dəqiqə fit çalmadan oyunu davam etdirmişəm: “Oynayın, oynayın, oynayın”.
Bəzən isə məcbur qalmayana qədər mərkəz dairəsində qalmağa çalışırdım. Köməkçilərim “Bunu bacarmayacaqsan” deyirdilər, mən isə “Yoxlayacağam” cavabını verirdim. Bir matçda təxminən 15 dəqiqə mərkəz dairəsindən kənara çıxmadan oyunu idarə edə bilmişdim”.
Din bu kimi halların Premyer Liqada VAR (Video Köməkçi Hakim) sisteminin tətbiqindən əvvəl baş verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Mayk Din 2021/2022-ci illər mövsümünün sonunda baş hakim karyerasını başa vurub, 2023-cü ildə isə VAR hakimi kimi fəaliyyətini dayandırıb. O, İngiltərə çempionatında 500-dən çox oyuna təyinat alıb.
Namiq HUN