Azərbaycan Rusiya ilə bağlı kompromis qərarı dəstəklədi

İdman

15.12.2025 11:14

Azərbaycan Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyasında Rusiya və Belarus şahmatçılarının beynəlxalq yarışlara buraxılması məsələsi üzrə kompromis qərarı dəstəkləyən ölkələr sırasında yer alıb.

TodayPress TV xəbər verir ki, FIDE Şurasının və Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrinə əməl olunması təklifini FIDE-nin birinci vitse-prezidenti Vişvanatan Anand, həmçinin Keniya, Azərbaycan, Barbados və Hindistan nümayəndələri irəli sürüblər.

Daha əvvəl Rusiya Şahmat Federasiyası rusiyalı və belaruslu şahmatçılara tətbiq edilən bütün sanksiyaların, o cümlədən milli bayraq altında komanda yarışlarında iştirak qadağasının tamamilə aradan qaldırılmasını təklif edib. FIDE Şurası isə qismən liberallaşmanı dəstəkləyərək, yeniyetmə şahmatçılara milli simvolika ilə çıxış etməyə, böyüklərdən ibarət yığmalara isə komanda turnirlərində neytral statusda iştirak etməyə icazə verib.

Bütün məhdudiyyətlərin ləğvinin lehinə 61, əleyhinə isə 51 nümayəndə səs verib. Bundan sonra iştirakçıların əksəriyyəti rusiyalı şahmatçıların neytral bayraq altında yarışlara buraxılması variantını dəstəkləyib. Yekun qərar məsləhətləşmələrdən sonra qəbul ediləcək.

Namiq HUN

TodayPress TV

tag: Azərbaycan,Rusiya,Şahmat,Kompromis,Todaypress.tv,