Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri
Xəbər verdiyimiz kimi, Türkiyənin sabiq baş naziri və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb. Davudoğlu bu barədə sosial media hesablarında bəyanat yayıb. O, Gələcək Partiyasının fəaliyyətinə son verildiyini və partiyanın rəsmi şəkildə buraxıldığını elan edib.
TodayPress TV Globalinfo.az-a istinadən xəbər verir ki, Əhməd Davudoğlu Ərdoğan komandasının ən parlaq fiqurlarından olub. O, müxtəlif vəzifələrdə çalışıb, hətta bir müddət Türkiyənin xarici işlər naziri vəzifəsini tutub. 2014-cü ildə Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra isə Türkiyənin baş naziri vəzifəsinə gətirilib.
Davudoğlunun adı əsasən 2015-ci ilin noyabrında Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsinin vurulmasından sonra hallanmağa başladı. Məlumata görə, hava məkanını pozan Rusiyaya məxsus Su-24 qırıcısı Suriya sərhədi yaxınlığında Türkiyəyə məxsus F-16 təyyarəsi tərəfindən zərərsizləşdirilib. Bunun qərarını dönəmin baş naziri Əhməd Davudoğlunun verdiyi deyilir. Bundan sonra Rusiya ilə Türkiyə arasında diplomatik böhran yaşandı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hərbi təyyarəsinin vurulmasına və pilotun ölümünə görə təəssüfləndiyini bildirib, başsağlığı verdi. Kreml isə hadisəyə görə üzr istənildiyini açıqladı. Ərdoğanın bu addımından sonra Ankara ilə Moskva arasında buzlar əridi, münasibətlər normallaşmağa başladı.

Əhməd Davudoğlu
Bundan 13 ay sonra isə daha ağır və faciəvi hadisə baş verdi. Rusiyanın Ankaradakı səfiri Andrey Karlov tədbirlərin birində sui-qəsd nəticəsində öldürüldü. Səfirə silahlı hücum Ankara Müasir Sənət Mərkəzindəki sərginin açılışı zamanı baş vermişdi. Bu hadisədən sonra rəsmi Moskva daha təmkinli davrandı. Rusiya Prezidenti Vladimir Putin təyyarə insidentində olduğu kimi Türkiyə dövlətini ittiham edən bəyanat vermədi. Bildirilirdi ki, bu sui-qəsdi təşkil edənlər iki ölkə arasında münasibətlərin hətta müharibə həddinə çatmasına çalışıblar.
Sonralar hər iki hadisədə FETÖ-nun iştirakı haqda iddialar səsləndirildi.
Əhməd Davudoğlu 2016-cı ilin may ayında baş nazir vəzifəsindən istefa verdi. 2019-cu ildə isə AKP-dən ayrıldığını bəyan etdi və Gələcək Partiyasını yaratdı. Amma 7 il keçməsinə baxmayaraq, heç bir ciddi uğur əldə edə bilmədi və nəticədə siyasi səhnədən çəkildi.