Rubio hədəf göstərdi: Ermənistan qarışacaq!
ABŞ dövlət katibi Marko Rubio Ermənistanla münasibətlərin inkişafının həm Vaşinqtonun, həm də region ölkələrinin maraqlarına xidmət etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, Rubio bunu Ermənistanın 7 iyun parlament seçkiləri ərəfəsində verdiyi açıqlamada qeyd edib.
O bildirib ki, ABŞ-Ermənistan əlaqələrinin güclənməsi bəzi xarici qüvvələrin narahatlığına səbəb olur.
“Bu, Amerikan şirkətləri və maraqları üçün, həmçinin Ermənistan, Azərbaycan və digər regional ölkələr üçün faydalıdır. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, ruslar bizim orada iştirakımızdan çox da məmnun deyillər. Düşünürəm ki, açıq mənbələrdə də göründüyü kimi, ABŞ ilə artan münasibətlər nəticəsində hazırkı baş nazirin seçkilərdə məğlub olmasını istədiklərinə dair müəyyən dəlillər var”, – Rubio bildirib.
ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqton Ermənistanın daxili işlərinə və suverenliyinə müdaxilə etmək niyyətində deyil.
“Aydın olsun ki, biz Ermənistanın suverenliyinə müdaxilə etmirik. Onlardan digər ölkələrlə dost olmamağı tələb etmirik. Sadəcə onlarla sülhə əsaslanan, amma bununla bitməyən münasibət qurmaq istəyirik. Sülh vacibdir, amma bu yalnız başlanğıcdır”, – o qeyd edib.
Rubionun sözlərinə görə, ABŞ Ermənistanla əməkdaşlığın genişləndirilməsində, xüsusilə iqtisadi və investisiya sahələrində maraqlıdır. O bildirib ki, iki ölkə arasında münasibətlərin dərinləşməsi Amerika şirkətləri üçün də yeni imkanlar yarada bilər.
Qeyd edək ki, Rubio mayın 26-da İrəvan şəhərinə qısa səfər edib. Səfər çərçivəsində ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığın inkişafına yönəlmiş bir sıra sazişlər imzalanıb. Bu addım son illərdə iki ölkə arasında əlaqələrin intensivləşməsinin növbəti mərhələsi kimi qiymətləndirilir.
Jalə Rövşən