İsa Türkiyə-Ermənistan sərhədində "zühur etdi"
Ermənistanda Türkiyə sərhədinə yaxın ərazidə dünyanın ən hündür İsa heykəlinin inşası davam edir.
TodayPress TV xəbər verir ki, İrəvan yaxınlığındakı Hatis dağının zirvəsində ucaldılan abidənin hündürlüyü 101 metr olacaq.
Layihə tamamlandıqdan sonra Rio-de-Janeyrodakı məşhur "Xilaskar İsa" heykəlini və Nyu-Yorkdakı Azadlıq heykəlini hündürlüyünə görə geridə qoyacaq.
Nəhəng layihə erməni milyarder Qaqik Tsarukyan tərəfindən maliyyələşdirilir. Heykəlin tikintisinə 2022-ci ildə başlanılıb, lakin işlər fasilələrlə davam etdiyindən hələlik açılış tarixi müəyyən edilməyib.
İlkin mərhələdə heykəlin hissələrinin dağın zirvəsinə helikopterlərlə daşınması planlaşdırılsa da, sonradan logistika problemləri səbəbindən bu plandan imtina edilib. Hazırda hissələrin xüsusi yük maşınları ilə dağ yolları vasitəsilə zirvəyə çatdırılması və montajın yerində aparılması nəzərdə tutulur.
Layihə Ermənistanda birmənalı qarşılanmır. Erməni Apostol Kilsəsi heykəlin miqyasını və memarlıq üslubunu tənqid edərək bildirib ki, Ermənistanın xristian irsi nəhəng insan fiqurlarına deyil, qədim monastırlara, kilsələrə və xaç daşlarına əsaslanır.
Bundan əlavə, mədəniyyət fəalları və ekoloqlar da layihənin Hatis dağının təbii və tarixi mühitinə mənfi təsir göstərə biləcəyini bildirirlər.
Qiymət Mahir