İranda ağlagəlməz olaylar: İnternet bərpa olunan kimi İsrailə böyük ölçüdə mesajlar yollanıldı
İran Dövlət Televiziyası ölkədə internetin yenidən tam şəkildə məhdudlaşdırılmasını açıq şəkildə müdafiə etməyə başlayıb.
TodayPress TV-nin məlumatına görə, İran dövlət mediasında yayımlanan verilişlərdə bildirilib ki, internetə giriş qismən bərpa olunduqdan sonra İsrail istiqamətində İrandan böyük həcmdə məlumat axını qeydə alınıb. İddialara görə, İslam Respublikasına bağlı "SIGINT" və "CYBINT" bölmələri bu faktı aşkarlayıb.
Televiziya aparıcıları həmçinin “ölkədaxili Mossad agentlərinin” internet yenidən aktivləşən kimi topladıqları məlumatları xaricə ötürməyə başladığını iddia ediblər.
Dövlət televiziyasında internetin bərpasının “səhv qərar” olduğu vurğulanıb və yeni təhlükəsizlik pozuntularının qarşısını almaq üçün ölkə üzrə yenidən sərt məhdudiyyətlər və internet kəsintilərinin tətbiqi tələb olunub.
Müşahidəçilər hesab edirlər ki, bu çağırışlar İran hakimiyyətinin internetə çıxışı, sərbəst ünsiyyəti və xarici dünya ilə əlaqələri getdikcə daha çox milli təhlükəsizlik təhdidi kimi təqdim etməsi tendensiyasını bir daha nümayiş etdirir.