Ermənistanın gələcəyi bu gecə həll olunur: Seçki məntəqələri açıldı
Ermənistanın bütün ərazisində seçki məntəqələri açılıb və növbəti parlament seçkiləri üzrə səsvermə prosesi başlayıb.
TodayPress TV xəbər verir ki, seçkilərdə iştirak edən bütün siyasi qüvvələr bu səsverməni ölkənin taleyi üçün həlledici hesab edir.
Vətəndaşlar yerli vaxtla saat 20:00-dək səsvermə hüququndan istifadə edə biləcəklər. Ölkə hüdudlarından kənarda səsvermə nəzərdə tutulmayıb.
Ermənistanın Mərkəzi Seçki Komissiyası saat 12:00-dan etibarən hər üç saatdan bir seçici fəallığı ilə bağlı məlumat açıqlayacaq. Məlumatlar bir saat gecikmə ilə təqdim olunacaq. Məsələn, saat 12:00-da saat 11:00-a olan iştirak göstəriciləri elan ediləcək.
İlkin nəticələrin axşam saatlarında açıqlanacağı gözlənilir. Təxminən saat 23:00-dan etibarən ən kiçik və uzaq kənd seçki məntəqələrinin nəticələrinin dərcinə başlanacaq. Lakin bu göstəricilər ümumi mənzərəni tam əks etdirməyəcək.
Əvvəlki seçkilərin təcrübəsinə əsasən, yeni parlamentdə siyasi qüvvələrin nisbəti və gələcək Baş nazirin kim olacağı ilə bağlı daha aydın mənzərənin gecə saat 02:00-03:00 radələrində formalaşacağı gözlənilir. Həmin vaxt seçicilərin təxminən üçdə birinin yaşadığı paytaxt İrəvan da daxil olmaqla iri şəhərlərin nəticələri gəlməyə başlayacaq.
Səslərin elektron hesablanmasının iyunun 8-i saat 08:00-da başa çatacağı bildirilir.
Ermənistan parlamenti proporsional seçki sistemi ilə, yəni yalnız partiya siyahıları əsasında formalaşdırılır.
9-cu çağırış Milli Məclisdə yerlər uğrunda 18 siyasi qüvvə – 16 partiya və 2 blok mübarizə aparır.
Partiyalar üçün parlamentə keçid həddi 4 faiz, seçki blokları üçün isə 8 faiz müəyyən edilib.