Ermənistan və Türkiyə aviareyslərin sayını artırmaq barədə razılığa gəldi
Dünya
05.11.2025 11:28
Ermənistan və Türkiyə İrəvan və Gümrü istiqamətində aviareyslərin sayını artırmaq barədə razılığa gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən “Orbeli Forumu: sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” adlı beynəlxalq tədbirdə çıxışı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, yaxın zamanda İstanbul və Ankara istiqamətlərindən İrəvan və Gümrüyə uçuşların sayı artırılacaq.
Mirzoyan çıxışında Ermənistan-Türkiyə münasibətlərini Ermənistan-Azərbaycan əlaqələrinin əksi kimi qiymətləndirib. O qeyd edib ki, illərdir iki ölkə arasında sərhədin bağlı olmasına baxmayaraq, vətəndaşlar üçüncü ölkələr vasitəsilə ticarət və əməkdaşlıq əlaqələrini davam etdiriblər.
Nazir bildirib ki, Azərbaycanla əlaqələr daha çox hökumətlər səviyyəsində qurulub, lakin xalqlar arasında münasibətlərin formalaşması üçün vaxt tələb olunur.
“Biz qəbul etməliyik ki, barışıq prosesi zaman istəyir. Hazırkı mərhələdə tam barışığın olmaması təbiidir, çünki hər iki cəmiyyət dərin psixoloji travma yaşayıb”, - deyə Mirzoyan vurğulayıb.
Aysel Mətləb
tag: Ermənistan ,Türkiyə,İrəvan ,Azərbaycan ,Mirzoyan ,Todaypress.tv,
