ABŞ Venesuela sahillərində hərbi uçuşlarını artırdı
Dünya
14.12.2025 17:18
ABŞ Venesuela sahillərində hərbi aviasiya fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Flightradar24” məlumat yayıb.
Bildirilir ki, müxtəlif tipli hərbi təyyarələrin və strateji kəşfiyyat pilotsuz uçuş aparatlarının ən azı 17 uçuşu qeydə alınıb. Xüsusilə dekabrın 13-də “USS Gerald Ford” aviadaşıyıcısından Venesuela sahillərinə indiyədək ən böyük Amerika hərbi təyyarə qrupu göndərilib.
Onların arasında dörd “F/A-18F Super Hornet” döyüş təyyarəsi, iki “EA-18G Growler” radioelektron mübarizə təyyarəsi və iki “E-2D Advanced Hawkeye” uzaq radiolokasiya aşkarlama təyyarəsi olub.
Dekabrın 12-də iki “F/A-18F Super Hornet” və iki “EA-18G Growler” birgə uçuş həyata keçirib, daha əvvəl isə iki “F/A-18F Super Hornet” döyüş təyyarəsi havaya qalxıb. Həftənin əvvəli və sonunda ABŞ Hərbi Dəniz Qüvvələrinin “MQ-4C Triton” strateji kəşfiyyat dronları Venesuelanın şimal-qərbində uzunmüddətli uçuşlar edib. Bu dronlar Venesuela sahillərinə 150-250 km yaxınlaşıb.
Bundan əlavə, ABŞ “B-52H Stratofortress” strateji bombardmançısını Venesuela yaxınlığında uçuşa çıxarıb. Şimali Dakotadakı Maynot aviabazasından qalxan təyyarə uzun müddət Karib dənizinin beynəlxalq suları üzərində hərəkət edib və hətta Karakasdan 200 km məsafədə müşahidə olunub.
Amerika mediası vurğulayır ki, Vaşinqton Venesuela üzərində təzyiq kampaniyasını gücləndirir və bununla ölkə lideri Nikolas Maduronun istefasına nail olmağa çalışır.
Türkan İsgəndərli
tag: ABŞ,Venesuela,Aviasiya,Təyyarə,Todaypress.tv,
