ABŞ Rumıniya ordusuna nə verdi? - Qara dənizdə hərbi mənzərə dəyişir
ABŞ-nin ilk doqquz piyada desant-amfibiya maşını (AAV) Rumıniyaya təhvil verilib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Rumıniyadakı səfirliyi məlumat yayıb.
"ABŞ-nin Rumıniyadakı səfiri Darril Nirenberq 307-ci dəniz piyadaları polkunun modernləşmənin vacib mərhələsinə hazırlığını müşahidə etmək üçün Babadag poliqonuna (Tulça qəzası) baş çəkib", - deyə diplomatiya missiyasının məlumatında qeyd olunur.
Qeyd edilib ki, bu aydan etibarən rumıniyalı hərbçilər yeni maşınların idarə olunmasını mənimsəməyə başlayırlar, onlara ABŞ Dəniz Piyadaları Korpusunun ekspert-müşavirləri təlim keçir.
Məlumatda qeyd olunur ki, maşınlar Dunay deltasında və Qara dəniz sahilində mürəkkəb relyefli ərazilərdə hərəkət etmək üçün tam uyğunlaşdırılıb. "AAV7A1" piyada desant-amfibiya maşınları 21-dək dəniz piyadasını və təchizatı hərbi gəmilərdən düşmən sahilinə daşımaq üçün nəzərdə tutulub.
Aysel Mətləb