TƏCİLİ! Şahin Şıxlinski bu halda azad olunacaq

Cəmiyyət

03.02.2026 13:51

“Azərbaycan Rusiyada həbs olunan, saxlanılan Azərbaycan vətəndaşlarının azad olunmasını sözsüz ki, prioritet sayır”.

Siyasi şərhçi Şakir Ağayev bunu TodayPress TV-yə danışarkən deyib.


Onun qənaətincə, Rusiya və Azərbaycan vətəndaşlarının qarşılıqlı azad olunması mümkündür: 

"Bəs qarşılıqlı dəyişmə prosesi baş verə bilərmi? Yəni oradakı Rusiya vətəndaşları və burada saxlanılan Azərbaycan diasporasının üzvləri və rəhbərləri həbsdən azad oluna bilərmi? Məlumdur ki, bir müddət öncə Azərbaycanda “Sputnik”in saxlanılan iki rəhbər şəxsi — direktoru və baş redaktoru azad edilib, Rusiyada isə Voronej diasporasının rəhbəri və Satira Teatrının rəhbəri azad olunub. Yəni belə bir presedent mövcuddur. Hesab edirəm ki, bu təcrübədən istifadə oluna bilər və eyni zamanda qarşılıqlı etimadı da gücləndirə bilər".  

O, vurğulayıb ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin azadlığı danışıqların nəticəsindən asılıdır: 

"Şahin Şıxlinski məsələsində isə qəti deyə bilmərəm ki, məhz o, onun oğlu və ya orada həbs olunan azərbaycanlılar azad ediləcək. Bu, iki dövlətin hüquq-mühafizə orqanları və Xarici İşlər Nazirlikləri arasında aparılan danışıqların nəticəsindən asılı olacaq".

Ş.Ağayev əlavə edib ki, belə bir qarşılıqlı dəyişmə mümkündür və əgər Rusiya bunu prioritet sayırsa, Azərbaycanın da öz prioritetləri nəzərə alınaraq, qarşılıqlı şəkildə həyata keçirilə bilər.     

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Bakıda saxlanılan Rusiya vətəndaşlarının azad olunması məsələsinin Moskva üçün əsas və dəyişməz prioritet olduğunu açıqlayıb. Qeyd olunub ki, bu mövzu Azərbaycan tərəfi ilə aparılan təmaslarda mütəmadi şəkildə qaldırılır və xüsusi nəzarətdə saxlanılır. Rusiya XİN-in rəhbəri Sergey Lavrovun bunu 2025-ci ildə Rusiya diplomatiyasının fəaliyyəti ilə bağlı mətbuat konfransına daxil olan suallara cavabında bildirilib.

Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunub. Yekaterinburq məhkəməsi dekabrda onun həbs müddətini beş aya qədər uzadıb.

Jalə Rövşən

TodayPress TV

tag: Şakir Ağayev,Siyasi ekspert,Şahin Şıxlinski,Azad edilmə,Todaypress.tv,