Qanunsuz balıq ovu ilə bağlı 30 nəfər müvafiq məsuliyyətə cəlb edilib

Cəmiyyət

19.12.2025 11:22

“2025-ci ildə ölkə ərazisində qanunsuz balıq ovunun qarşısının alınması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə genişmiqyaslı nəzarət tədbirləri həyata keçirilib”.

TodayPress TV xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2025-ci ilin 1 yanvar tarixindən 23 may tarixinədək regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 69 akt tərtib edilib, qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində 29 protokol rəsmiləşdirilərək inzibati tənbehvermə haqqında qərarlar qəbul olunub. Bir fakt üzrə isə təbiətə vurulan ziyanın cinayət tərkibi yaratması səbəbindən aidiyyəti hüquq-mühafizə orqanlarına materiallar göndərilib.

Ceyhun Əliyev bildirib ki, 2025-ci ilin 1 iyun tarixindən 16 dekabr tarixinədək Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qanunsuz balıq ovu edən şəxslər barəsində 23 inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq inzibati məsuliyyət tədbirləri görülüb.

Direktor qeyd edib ki, eyni dövrdə Su Nəqliyyatında Polis İdarəsinin iştirakı ilə aparılan tədbirlər nəticəsində qanunsuz balıq ovu ilə bağlı ümumilikdə 30 cinayət tərkibli hal aşkarlanıb və 30 nəfər müvafiq məsuliyyətə cəlb edilib.

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Əliyev,Direktor,Balıq,Tədbir,Todaypress.tv,