Ombudsmana ən çox hansı problemlərlə müraciət olunub?

Cəmiyyət

03.02.2026 11:25

2025-ci ildə Ombudsmanın “916” Çağrı Mərkəzinə daxil olan müraciətlərdə kommunal problemlər və ünvanlı dövlət sosial yardımı ilə bağlı şikayətlər üstünlük təşkil edib.

TodayPress TV xəbər verir ki, “916” Çağrı Mərkəzinə 2025-ci il ərzində daxil olan zənglərin ehtimal olunan hüquq pozuntuları və məzmun üzrə statistikası açıqlanıb.

Məlumata görə, ən çox müraciət kommunal problemlərlə bağlı olub – 1172 zəng. Ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətlərin sayı isə 1171 təşkil edib.

Statistikada müayinə və müalicə (755), Dövlət Yol Polisinin fəaliyyəti (712), qeyri-obyektiv təhqiqat və istintaq (702), məhkəmə qərarının icra olunmaması (627), əlilliyin müəyyən edilməsi (616), müraciətin qeydə alınmaması və aliment məsələləri (602), məsuliyyət (599) və təhsil məsələləri (563) də ön sıralarda yer alıb.

Bundan əlavə, əmək mübahisələri (540), qanunsuz saxlanma ehtimalı (476), məhkəmə araşdırması (343), pis rəftar ehtimalı (326), müəssisələrdə görüş hüququ (312), maddi yardım (308) və bələdiyyələrin fəaliyyəti (291) ilə bağlı müraciətlər qeydə alınıb.

Müraciətlər arasında bank-kredit məsələləri (236), kompensasiya (212), korrupsiya və əmlak məsələləri (205), saxlama şəraiti (192), pensiya məsələləri və ayrı-seçkilik ehtimalı (170), müavinət (162), veteranlıq (160) və evlərin qanunsuz sökülməsi (154) də yer alıb.

Daha az müraciət edilən sahələr sırasında miqrasiya, uşaq və məişət zorakılığı, təhlükəsizliyin təmin edilməsi, qəyyumluq, amnistiya, məhkəmədə süründürməçilik, təbii fəlakət nəticəsində dəyən ziyan, gömrük və cinsi zorakılıqla bağlı məsələlər olub.

Qiymət Mahir

TodayPress TV

tag: Ombudsman,Çağrı Mərkəzi,Müraciət,Məlumat,Todaypress.tv,