Həyətdə qanunsuz parklanma yeri yaradanlara SƏRT CƏZA: 1500-2000 manat...
Cəmiyyət
27.11.2025 17:58
Bakıda bəzi sürücülər yaşadıqları binaların həyətlərində və ya yaxın ərazilərdə avtomobil nömrələrini yerə yazaraq “şəxsi parklanma yeri” yaradırlar. Bu isə qanunvericiliyə görə açıq şəkildə qadağandır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev TodayPress TV-yə bildirib ki, belə hallarla mübarizə məqsədilə 21 iyun 2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinə mühüm dəyişikliklər edilib.
Onun sözlərinə görə, bu dəyişikliklər parklanma sahəsindəki hüquqi boşluqları demək olar ki, tam aradan qaldırır:
"Yaşayış zonalarında, həyətlərdə və məhəllə daxilində qanunsuz parklanma yerləri yaratmaq məsuliyyət doğurur və buna görə cərimələr nəzərdə tutulub. Səlahiyyətli olmayan şəxslərin dövlət avtomobil yollarında və yaşayış ərazilərində parklanma yeri təşkil etməsi, parklanma xidməti göstərməsi və ya ödəniş tələb etməsi fiziki şəxslər üçün 100-200 manat, vəzifəli şəxslər üçün 300-500 manat cərimə ilə nəticələnir".
Ekspert əlavə edib ki, xəbərdarlığa və cəriməyə baxmayaraq, şəxs qanunsuz fəaliyyətini davam etdirərsə, 15 günədək azadlığın məhdudlaşdırılması və 1500-2000 manat arasında cərimə tətbiq oluna bilər.
Adil Nəbiyev həm ərazilərin səliqəsi, həm də təhlükəsizliyi baxımından belə hallara qarşı ciddi nəzarətin zəruri olduğunu qeyd edib.
Türkan İsgəndərli
tag: Adil Nəbiyev,Ekspert,Qanunsuz,Parklanma,Todaypress.tv,
