"Gecə aeroporta çağırdılar, sonra evə qayıtmağımızı dedilər" - Naxçıvana gedən yüzlərlə sərnişin çarəsiz vəziyyətdə

"Gecə aeroporta çağırdılar, sonra evə qayıtmağımızı dedilər" - Naxçıvana gedən yüzlərlə sərnişin çarəsiz vəziyyətdə
08.07.2026 11:12 Cəmiyyət

Naxçıvana uçmağa hazırlaşan sərnişinlər Heydər Əliyev Adına Beynəlxalq Hava Limanında yaşadığı problemlərdən şikayət ediblər. 

TodayPress TV xəbər verir ki, iddialara görə, 7 iyul tarixində saat 20:00-a planlaşdırılan reysin sərnişinlərinə gecə saat 02:00 radələrində SMS göndərilərək uçuşun saat 05:00-a keçirildiyi bildirilib. 

Məlumatın doğruluğunu təsdiqləmək üçün hava limanının məlumat xidmətinə müraciət edilib və dəyişiklik təsdiqlənib.

Şikayətə əsasən, yüzlərlə sərnişin gecə saatlarında tələsik hava limanına yollanıb. Lakin qeydiyyat zamanı onlara göndərilən SMS-in səhv olduğu bildirilib və sərnişinlərdən evlərinə qayıdaraq əvvəlcədən nəzərdə tutulan vaxtda yenidən hava limanına gəlmələri istənilib.

Sərnişinlər bu vəziyyətin sadəcə texniki nasazlıq kimi qiymətləndirilə bilməyəcəyini, hadisənin sərnişinlərin vaxtına, maddi imkanlarına və psixoloji durumuna mənfi təsir göstərdiyi və insanlara qarşı hörmətsizlik olduğunu deyiblər.

Qeyd edək ki, sosial şəbəkələrdə son günlər təxirə salınan reyslər və hava limanında uzun müddət gözləməli olan sərnişinlərlə bağlı çoxsaylı paylaşımlar edilir. Məsələ ilə bağlı aidiyyəti qurumun rəsmi açıqlaması hələlik yoxdur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər