Əziz Zeynalov: Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu daha da gücləndirilməlidir

Əziz Zeynalov: Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu daha da gücləndirilməlidir
10.07.2026 11:18 Cəmiyyət

Nəsimi Rayon Bələdiyyəsində "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" mövzusunda tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov qonaqları salamlayaraq belə görüşlərin dövlət qurumları, bələdiyyələr və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və dövlət-vətəndaş münasibətlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir:

"Dövlət başçısının bildirdiyi kimi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ardıcıl və prinsipial şəkildə aparılmalıdır. Bu prinsip hər bir dövlət və yerli özünüidarəetmə orqanının fəaliyyətində əsas meyar olmalıdır".

Bələdiyyələrin cəmiyyətə ən yaxın idarəetmə institutlarından biri olduğunu qeyd edən sədr bildirib ki, onların fəaliyyətinin əsasını qanunun aliliyi, şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğu təşkil etməlidir:

"Bələdiyyələr öz fəaliyyətində qanunun aliliyini, şəffaflığı, hesabatlılığı və vətəndaş məmnunluğunu daim rəhbər tutmalıdır. Hesab edirəm ki, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlıq və ictimai nəzarətin gücləndirilməsi sağlam və səmərəli idarəetmənin vacib şərtlərindəndir", – deyə sədr əlavə edib.

Əziz Zeynalov çıxışının sonunda tədbirdə səsləndiriləcək fikir və təkliflərin gələcək fəaliyyət üçün əhəmiyyətli olacağına inandığını ifadə edib.

"Əminəm ki, bugünkü tədbirdə səsləndiriləcək fikir və təkliflər gələcək fəaliyyətimiz üçün faydalı olacaq, dövlət qurumları, bələdiyyələr və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər